Numeroloq: "Eyni gündə anadan olanlar eyni taleyi yaşamır, amma..." -MÜSAHİBƏ

Numerologiyaya maraq getdikcə artır. İnsanlar rəqəmlərin möcüzəsinə, onların insan taleyinə təsirinə inanaraq müxtəlif addımlar atırlar. Bu inanc getdikcə kütləviləşir. Mövzunun aktuallığını nəzərə alaraq Crossmedia.az olaraq İCF kouç, təlimçi və karmik numeroloq Yeganə Cəbrayılqızıdan müsahibə aldıq:
- Yeganə xanım, kamik numerologiya nədir?
- Karmik numerologiya, ümumi yəni klassik numerologiyanın bir sahəsidir.Bu sahə insan həyatındakı karmik döngüləri, həyat yolunda olan rəqəmlərin enerjilərini öyrənir. Doğum tarixindən çıxarılan rəqəmlərə əsasən bizim hazırda mənfi və müsbət özəlliklərimizi bizə verən hansı rəqəmlər olduğunu təyin edə bilərik. Bu numerologiyada potensialınız, karmik borclarınız, həyat missiyanız aşkara çıxarılır. Klassik numerologiyada olduğu kimi, karmik numerologiyada da adımızın verdiyi enerji təyin olunur. Bu enerjini hesablayaraq bizə necə təsir etdiyini görə bilərik. Bəzən insanlar da özünün yaxşı və pis tərəflərini görə bilmir və bu zaman sadəcə doğum tarixindən istifadə edərək o insanın qaranlıq tərəflərini,potensialını və.s görə bilərik.
- Bəs karma nədir?
- Karma hərəkətdir. Bir növ səbəb-nəticə əlaqəsi də deyə bilərik. Yəni yaxşıya doğru etdiyimiz əməllər də dönüb ən gözəl halıyla bizi tapır, mənfiyə doğru atılan addımlar da eynilə. Bunu bumeranq effekti kimi də düşünə bilərik.
- Rəqəmlərin insan taleyinə təsiri necədir?
-Əslində rəqəmlərin insan taleyində rolu böyükdür. Sadəcə biz bunu bilmədiyimiz üçün məna yükləyə bilmirik. Doğum tariximizi bildikdən, rəqəmlərin dilini öyrəndikdən sonra bizə hansı mesajları ötürdüyünü anlaya bilərik. Bəzən rəqəmlərin əsaslığı deyil, bizim həyatımıza necə təsir etdiyi önəmlidir. Buradakı diqqət edilməli nüans isə rəqəmlər deyil, onların verdiyi enerjilərdir. Məsələn, 1-lər liderlərdir. Üçüncü ay şahzadə, dördüncü ay imperator enerjisi daşıyır. Bu barədə çox danışmaq olar. Əsas məsələ odur ki, doğum tariximiz bizim haqqımızda kifayət qədər məlumat verir.
- Doğum tariximiz gələcəyimizdən xəbər verə bilərmi və numeroloji analiz bizdə nələri ortaya çıxarır?
- Təbii ki, doğum tariximiz gələcəkdən xəbər vermir. Gələcəkdən xəbər verən bizim vərdişlərimiz, günlük rutinlərimiz, ətrafımızdır. Rəqəmlərə uyğun olaraq ən yaxşı halda günlük, illik proqnozlar vermək mümkündür. Məsələn, sizin bu il ən çox hansı enerjilərlə olacağınızı və necə davam etməli olduğunuzu demək olar. Qısacası, doğrum tarixinizlə gələcəkdə nələr olacağını, nə vaxt nələri yaşayacağınızı bilə bilməzsiniz. Sadəcə hansı enerjilərlə davam edəcəyinizi görmək mümkündür.
- Numeroloji bilgilər bizdə nəyi dəyişə bilər?
- Numeroloji bilgilər güzgü effekti kimi bizdə olan hər şeyi ortaya çıxarır. Bizi zəif və güclü tərəflərimizlə tanış edir. Bundan sonra biz dəyişib, dəyişməməmək və yola necə davam etmək lazım olduğunu seçəcəyik. Əslində dəyişmək istəyən birinə bir tək cümlə kifayət edir.
- İki eyni gün, ay və ildə olan ayrı-ayrı şəxslərdə doğum xəritəsi eyni olduğundan taleh də eyni olur ?
- Əlbəttə, xeyr. Eynilik təşkil etməyi müşahidə olunmur. Məsələn, hər iki ayın 4-ü doğulan şəxslərdən biri disiplinli, iradəli olarkən digəri tam əksi xarakterə sahib ola bilər. Bununla da nəticə olaraq deyə bilərik ki, sırf eyni gündə doğulub deyə insanlar eyni taleyi yaşamazlar, bu, həm də ortaya qoyulan səylərdən asılıdır.
Ləman Həsənova
14:53 11.04.2025
Oxunuş sayı: 8080