Azərbaycan əlverişli enerji potensialına malikdir - Deputat açıqladı

Cənub Qaz Dəhlizi Məşvərət Şurası Cənub Qaz Dəhlizi layihəsinin inkişafı və təbii qaz təchizatının şaxələndirilməsi sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış çoxşaxəli bir platformadır. Bu şura çərçivəsində nazirlərin illik toplantıları keçirilir və bu toplantılar regionun enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində mühüm məsələləri müzakirə edir.
2025-ci ilin aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirilib. Bu toplantılarda enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi və yaşıl enerjinin inkişafı məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilk olaraq bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir: “Bu ilki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. İştirakçı sayının ildən-ilə artması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi qlobal dünyada özünü sübut etməsi ilə bağlıdır. Ölkəmiz 30 ili ötən il tamam olan “Əsrin müqaviləsi”nin imzalanması ilə əsas enerji bazarına daxil olmuş və Azərbaycan neftinə rəğbət ildən-ilə artıb. Bu uğurlar nəticəsində əldə olunan gəlirlərlə qeyri-neft sektorunun inkişaf etməsi üçün sərmayə qoyulmuş, dövlət əhəmiyyətli sosial layihələr icra olunub. Hazırda isə ölkəmiz etibarlı yaşıl enerji tərəfdaşı kimi birgə layihələr icra edir, bərpa olunan və alternativ enerji resurslarımızdan səmərəli istifadə edilməsi ilə enerji bazarında dayanıqlılığa nail olunmağa çalışılır. Yaşıl enerjinin ixrac olunması məsələsi gündəmdə olduğu bir zamanda, ən son texnologiyalara investisiyaların artırılması və insan resurslarının bazasının gücləndirilməsi istiqamətində də əməli addımlar atılır. Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Qalıq yanacaqlardan tədricən günəş, külək, hidro və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinə keçid, planetar miqyasda tükənməkdə olan yanacaqlara əsaslanan enerjini əvəz etməklə qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Ölkəmizin COP29 zamanı dünyaya verdiyi mesajlar da bundan ibarət idi. “Yaşıl enerji”dən istifadə havanın keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq, enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Bərpa olunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ-hüquqi aktlar qəbul edilir ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm yer tutur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “BP” və digər xarici şirkətlərlə Azərbaycanda bərpa olunan enerji istehsalına dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir.”.
Deputatın sözlərinə görə, bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarları ilə imzalanmış müqavilələr ölkəmizi 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək: “Nəticədə daxildə elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönəldiləcək. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, artıq 270 meqavatlıq su elektrik stansiyaları qurulub. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Cənab Prezident Məşvərət Şurasının iclasında ölkəmizin təbii qaz ixracında da əhəmiyyətli layihələr icra etdiyi və Pan-Avropa qaz təchizatçısına çevrildiyi barədə məlumat verdi. Ötən il Bakıda keçirilmiş 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrilib. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır".
"Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür və bu onların tələbatının 50%-ni ödəyir. Avropada qaz təchizatımızın coğrafiyasının daha da genişləndirilməsi istiqamətində iş aparılır. Cənub Qaz Dəhlizi 3500 kilometrlik boru kəməri sistemi olaraq bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas təminatçıdır. Cənubi Qafqaz Boru Kəməri, TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olaraq tam dolu işləyir. Yekunda deyə bilərəm ki, Azərbaycan Respublikası müxtəlif növdə, həmçinin, əlverişli enerji potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır”,- deyə P.Vəliyeva fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
12:06 07.04.2025
Oxunuş sayı: 1652