Bu, ümumxalq Zəfəridir — birlik, əzm və inamın təntənəsidir - Deputat
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfər Günü, dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və ordumuzun igidliyinin təntənəsidir. Bu gün təkcə qazanılmış hərbi qələbənin deyil, eyni zamanda milli ruhun, əzmin və 30 illik həsrətin sona çatmasının rəmzidir. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi, Qarabağın tacı olan Şuşa şəhərini azad etməklə Vətən müharibəsində həlledici qələbəyə imza atdı. Həmin gün xalqımızın yaddaşına əbədi qürur, dövlətçiliyimizin tarixində isə əbədi Zəfər günü kimi həkk olundu.
Bu müqəddəs tarix Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinə, müzəffər Ordumuzun qəhrəmanlığına dərin ehtiramın rəmzidir. 8 Noyabr hər bir azərbaycanlı üçün qürur, birliy və milli dirçəliş günüdür.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu gün böyük və möhtəşəm bir Zəfər bayramını qeyd edirik. Bu, sadəcə bir qələbə deyil, iki əsrdən artıq davam edən əsarətdən, torpaqlarımızın itirilməsindən sonra əldə edilmiş azadlıq və ədalət zəfəridir.
Bu zəfəri bizə bəxş edən qüdrətli ordumuza, igid əsgər və zabitlərimizə minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ən böyük təşəkkür isə Ali Baş Komandanımız, Prezident İlham Əliyevin müdrik rəhbərliyinə düşür. Məhz onun uzaqgörən siyasəti, dəmir iradəsi və xalqla birliyi sayəsində bu möhtəşəm qələbə mümkün oldu".
Deputat həmçinin Birinci Qarabağ müharibəsi illərində də xalqın belə bir lideri olmuş olsaydı o dövrdə də torpaqlarımızın azadlığının təmin edilmiş olacağını qeyd edib: "Amma bu gün Azərbaycan xalqının güclü lideri var, xalq da onun ətrafında sıx birləşib. Bu birliyin, bu həmrəyliyin nəticəsidir ki, biz tarixə əbədi yazılacaq bir qələbə qazandıq.
Bu gün xalqın sevinci sonsuzdur. Səhərdən bəri insanlar bir-birini təbrik edir, sevinclərini bölüşürlər. Bütün ölkə bu Zəfərin coşqusunu yaşayır. Hər bir azərbaycanlı bu qələbədə öz payını görür, çünki bu, ümumxalq Zəfəridir — birlik, əzm və inamın təntənəsidir".
Elmir Heydərli
15:08 07.11.2025
Oxunuş sayı: 1278