Deputat: NATO Azərbaycan liderinin siyasətini yüksək qiymətləndirir
Azərbaycan Prezidenti
İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə, Yunanıstan,
Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya,
Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri,
həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.
NATO
nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının
əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk
dövlət başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb.
O,
Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu deyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün
sahələrdə daha da gücləndiyini vurğulayıb.
Qonaqlar
Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması
istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə Prezident
İlham Əliyevə təbriklərini çatdırıblar.
Təbriklərə
görə təşəkkürünü bildirən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald
Trampın xüsusi rolunu qeyd edib və əldə olunmuş razılaşmaların regionun
inkişafı üçün geniş imkanlar açdığını dedi.
Prezident
İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq
qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO
əməkdaşlığının vacib hissəsi olsa da, ölkəsi ilə alyans arasında regional
inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da
gündəmdədir.
Dövlət
başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu
çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəsi ilə
alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.
Prezident
İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan
bəri əsas məqsədinə çatdığını - torpaqların işğaldan azad olunduğunu
vurğulayaraq qeyd edib ki, ordunun müasiriləşdirilməsi prosesi bundan sonra da
davam edəcək.
Dövlət
başçısı NATO nümayəndə heyətinin ölkəyə səfərinin uğurlu olacağına
ümidvarlığını bildirib.
Söhbət
zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulanıb, Silahlı
Qüvvələrin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı
xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi
töhfələri yüksək qiymətləndirilib, ölkə sülhməramlılarının Əfqanıstanı sonuncu
tərk edən hərbi qulluqçular olduğu qeyd edilib.
Azərbaycanın
alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunulub,
NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində ölkənin
1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirilib.
Görüşdə
Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və
qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bu kontekstdə rəsmi Bakı ilə Alyans arasında münasibətlərin
perspektivi barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, bu görüş Azərbaycanın gələcək
inkişafı baxımından mühüm strateji addım kimi qiymətləndirilməlidir: “Prezidentin NATO-nun baş katibi ilə görüşü Azərbaycanın gələcəyi üçün həm
hərbi, həm enerji, həm də digər sahələrdə birgə fəaliyyətin güclənməsi
baxımından çox önəmlidir. Bu görüşlər gələcəkdə Azərbaycan–NATO əlaqələrinin
daha da möhkəmlənməsi üçün ilk addımlardır.”
Deputat
qeyd edib ki, Azərbaycanın
bölgədə sabitlik yaratmaq istiqamətində apardığı siyasət beynəlxalq aləmdə yüksək
qiymətləndirilir:
“Əsas məsələ bölgədə
sabitliyin təmin edilməsidir. Dövlət başçımızın apardığı siyasət artıq dünyaya
məlumdur. NATO da bu siyasəti yüksək qiymətləndirir. Bu istiqamətdə görüşlərin keçirilməsi təsadüfi deyil.
Şübhəsiz ki, bu təmaslar bundan sonra da davam edəcək.”
C.
Paşazadənin sözlərinə görə, Prezidentin atdığı addımlar təkcə hərbi əməkdaşlığa
deyil, həm də logistik,
iqtisadi və diplomatik əlaqələrin genişlənməsinə xidmət edir:
“Bölgədə sabitliyin qorunması,
logistik sahələrdə inkişaf, iqtisadiyyatımızın güclənməsi və digər ölkələrlə
münasibətlərimizin genişlənməsi istiqamətində bu cür görüşlər böyük perspektivlər
vəd edir. Hərbi əməkdaşlıq isə dövlətlər arasında daha sıx münasibətlərin
formalaşmasına şərait yaradır.”
Deputat
sonda vurğulayıb ki, Azərbaycanın NATO ilə əməkdaşlığı təkcə hərbi tərəfdaşlıq
deyil, həm də ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş uzunmüddətli strateji
siyasətin
tərkib hissəsidir.
Fatimə Hacıəliyeva
14:46 07.11.2025
Oxunuş sayı: 3428