Putin dünyanı nüvə silahı ilə təhdid edir: Qlobal güclər hərəkətə keçir - MÜSAHİBƏ
Bu gün dünya siyasətində və beynəlxalq təhlükəsizlik müstəvisində mühüm rezonans doğuran bir hadisə baş vermişdir. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Xarici İşlər, Müdafiə Nazirliklərinə, kəşfiyyat xidmətlərinə və mülki qurumlara nüvə silahı sınaqlarına hazırlıq ehtimalı ilə bağlı konkret təkliflər təqdim etməyi tapşırmışdır.
Bu göstəriş, ilk növbədə, beynəlxalq münasibətlərdə gərginliyin artdığı, geosiyasi qarşıdurmaların daha da dərinləşdiyi bir mərhələdə verilmiş qərardır. Belə bir tapşırığın səslənməsi, həm regionda, həm də qlobal miqyasda təhlükəsizlik arxitekturasının gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Putinin bu bəyanatı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda səslənmiş və ölkənin strateji müdafiə siyasətində yeni mərhələnin başlaya biləcəyinə işarə etmişdir. Siyasi müşahidəçilər hesab edirlər ki, bu addım nüvə silahlarının sınaqdan keçirilməsi ilə bağlı uzunmüddətli moratoriumun yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmə gətirir.
Beləliklə, bu hadisə təkcə Rusiya Federasiyasının daxili müdafiə siyasətinin deyil, həm də beynəlxalq təhlükəsizlik sisteminin gələcək istiqamətinin müəyyənləşməsində mühüm rol oynaya bilər.
Məsələ ilə bağlı politoloq Aytən Qurbanova Crossmedia.az-ın suallarını cavablandırıb:
– Putinin nüvə sınaqları ilə bağlı göstəriş verməsi beynəlxalq gündəmdə rezonans doğurub. Siz bu addımı necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, Putinin nüvə sınaqları ilə bağlı göstəriş verməsi və bu istiqamətdə məlumatların mediada paylaşılması kifayət qədər önəmli mesaj xarakteri daşıyır. Ümumiyyətlə, biz Rusiyanın siyasətində aqressiv ritorikanın daha da yüksəldiyini müşahidə edə bilirik. Rusiya- Ukrayna müharibəsi fonunda hərbi cəbhədə Rusiyanın əldə etdiyi “qələbələr” və işğallarını genişləndirməsi, eyni zamanda ABŞ başda olmaqla qlobal sistemin digər aktorlarının Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində konkret mövqe ortaya qoya bilməməsi fonunda Rusiya artıq aqressiv çıxışlarında və ultimativ bəyanatlarında daha çox ön plana çıxmağa başlayıb. Bu mənada nüvə sınaqları ilə bağlı qərar da həmin istiqamətdə verilmiş önəmli mesajlardan biri kimi qiymətləndirilə bilər.

– Sizcə, bu addım qlobal sistem və böyük güclər arasındakı münasibətlərə necə təsir edə bilər?
– Ümumiyyətlə, beynəlxalq münasibətlər sisteminə nəzər salsaq, ABŞ, Çin, Rusiya və digər nüvə dövlətlərinin son zamanlarda nüvə amilini kifayət qədər yüksək səslə səsləndirməyə başladığını görürük. Xüsusilə də Donald Trampın son nüvə sınaqları ilə bağlı bəyanatı, eyni zamanda ilk üçlükdə ABŞ, Rusiya və Çinin əsas nüvə dövləti kimi qeyd olunması burada ən önəmli faktorlardır. Düşünürəm ki, artıq qlobal güclər dünyanın yenidən təsir dairələrinə bölünməsi və yeni dünya nizamının formalaşdırılması istiqamətində bütün potensiallarını ortaya qoymağa başlayıblar. Bu baxımdan Rusiyanın mövqeyindəki aqressiv ritorika daha çox təhdid xarakterli məqamları özündə birləşdirir.
– Bəs bu proseslərin Ukrayna müharibəsinə və regional sabitliyə təsiri necə ola bilər?
– Ukrayna ərazisi işğal altındadır, Rusiya faktiki olaraq hərbi əməliyyatların tərəfi qismində çıxış edir və danışıqlar prosesində maksimalist yanaşmaları ilə şərtlərini diktə etməyə çalışır. Paralel olaraq da Putin nüvə sınaqları ilə bağlı göstəriş verir və mediada paylaşılan məlumatlar onu deməyə əsas verir ki, artıq qlobal sistemə ultimativ xarakterli mesajlar verilməyə başlanıb. Bu da həm Ukrayna cəbhəsində proseslərin daha gərgin fazaya daxil olmasına səbəb ola bilər. Danışıqlar prosesi ilə bağlı olan bütün gözləntilər, çox təəssüf ki, bədbin ssenariləri ön plana çıxarır. Üç ildən artıqdır davam edən Rusiya–Ukrayna müharibəsi fonunda Rusiyanın bir sıra bölgələrdə – istər postsovet məkanında, istərsə də Orta Şərq və Şimali Afrikada – əvvəlki mövqelərini qoruya bilmədiyi aydın görünür. Bu baxımdan nüvə sınaqları həm “xəbərdarlıq”, həm də “blöf” xarakterli çıxışlar kimi qiymətləndirilə bilər. Nüvə amili nə qədər çox səsləndirilirsə, o qədər də çəkindirici təsirə malik olur. Düşünürəm ki, bu istiqamətdəki addımlar daha çox ABŞ və ümumilikdə kollektiv Qərbi hədəf alır və artıq həm informasiya, həm diplomatik, həm də təhlükəsizlik müstəvisində ziddiyyətlərin dərinləşdiyini açıq şəkildə göstərir.
Elmir Heydərli
13:47 07.11.2025
Oxunuş sayı: 3587