KİV: Rusiya həm İran, həm də ABŞ üzərində təsir imkanlarını qoruyub saxlamağa çalışır
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian bu ilin yanvar ayında Moskvada keçirilən tərəfdaşlıq sazişinin imzalanması mərasimində sənədləri mübadilə edərkən bir daha iki ölkə arasında yaxın əlaqələri nümayiş etdirdilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb.
İran rəsmiləri müharibə istəmədiklərini, lakin ABŞ və digər ölkələrlə bərabər şərtlərlə danışıqlar aparmaq niyyətində olduqlarını bildirirlər. Rusiya isə gələcəkdə mümkün olan İran nüvə sazişində iştirak etməyə çalışır və ümid edir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasını bu məsələdə Moskvaya güvənməyə inandıra bilər.
Qeyd olunub ki, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov İranın dövlət mediası olan IRNA-ya bildirib ki, Moskva diplomatiyanı “İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyin yeganə yolu” hesab edir: “Eyni zamanda Moskva ABŞ-nin İrana qarşı təhdidlərini rədd edir. Bu da göstərir ki, Rusiya Tehran və Vaşinqton arasında mümkün dolayı danışıqlarda özünü vasitəçi kimi görmək istəyir. Rusiyalı diplomat əlavə edib ki, Moskva “təhdidlər və şantajdan uzaq, peşəkar danışıqlar” tərəfdarıdır. Bu açıqlamalar İran Prezidenti Məsud Pezeşkianın Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla son təmaslarına təsadüf edir. Pezeşkian bildirib ki, İran heç bir ölkə ilə müharibə istəmir. Rusiya bu cür vasitəçilik cəhdlərini əvvəllər də həyata keçirib. 2015-ci il İran nüvə sazişindən əvvəl də Rusiya ABŞ-ni bu məsələdə geri addım atmağa razı salaraq danışıqlarda rol oynamışdı. O zaman ABŞ Prezidenti Barak Obamanın administrasiyası buna razılıq vermişdi”.
Qeyd olunub ki, Moskva hazırda da bu nüfuzundan istifadə edərək həm İran, həm də ABŞ üzərində təsir imkanlarını qoruyub saxlamağa çalışır: “Bu, eyni zamanda Ukrayna məsələsində mümkün razılaşmalar üçün Rusiya üçün “rıçaq” rolunu oynaya bilər. Son həftələrdə yayılan xəbərlərə görə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff həm Rusiya, həm də İranla mümkün danışıqlarda iştirak edir. O, eyni zamanda Qəzzada atəşkəs razılaşmasının əldə olunmasında da əsas fiqurlardan biri olmuşdu. “Biz ABŞ-nin İrana qarşı hərbi gücdən istifadə təhdidlərini tamamilə rədd edirik. Belə siyasətləri qınayırıq. Rusiya həmişə inanıb ki, İranın nüvə proqramı ilə bağlı yeganə çıxış yolu diplomatiyadır,” – deyə Ulyanov şənbə günü IRNA-ya bildirib.
Bu mesajın İranın dövlət mediasında geniş yer alması da təsadüfi deyil. Tehran son vaxtlar Moskvaya daha çox arxalanır və bunu ictimai şəkildə nümayiş etdirmək istəyir. Ulyanov əlavə edib ki, hazırda paradoksal vəziyyət yaşanır. Tramp birinci prezidentliyi dövründə İran sazişindən çıxmışdı, lakin indi yenidən danışıqlar aparmaq istədiyini iddia edir. Trampın ikinci müddəti də İrana qarşı sanksiyaların davam etdirilməsi ilə yadda qalır, lakin ABŞ bu dəfə dolayı danışıqlara açıqdır. İran isə ABŞ-a güvənmədiyini bildirir, amma dolayı danışıqlara hazır ola biləcəyini də istisna etmir. Ulyanovun sözlərinə görə, Tramp, doğrudan da, İranla razılaşma əldə etmək istəyirsə, bu yalnız diplomatiya yolu ilə mümkündür – təhdid və güc tətbiqi ilə deyil.” Bu arada, İranın İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami bildirib ki, İran müharibəyə hazırdır, lakin onu başlatmaq istəmir. Bu, İran Prezidenti və digər rəsmilərin səsləndirdiyi fikirlərlə üst-üstə düşür. “Biz psixoloji və hərbi müharibəyə hazırıq, lakin geri çəkilməyəcəyik”, – deyə Səlami bildirib. O, həmçinin əlavə edib ki, İranın hərbi gücünü yetərincə dəyərləndirməyən düşmənlər ölkəni seçim qarşısında qoymağa çalışırlar: ya münaqişə, ya da təslim olmaq. Pezeşkian isə şənbə günü Tehranda elmi və texnoloji sahənin nümayəndələri ilə görüşdə bildirib ki, ABŞ-nin addımları danışıqlarla bağlı çağırışlarına ziddir. O, vurğulayıb ki, İran bərabər əsaslarla dialoq istəyir və eyni zamanda həm danışıqlar, həm də təhdidlərin bir arada təqdim olunmasını qəbul etmir.
Xumar Emilqızı
15:30 06.04.2025
Oxunuş sayı: 1918