Netanyahu ABŞ-a gedir: Azərbaycan məsələsi də masada olacaq

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun gələn həftə ölkəsinə səfər edə biləcəyini bildirib. Tramp bu barədə Netanyahuyla danışdığını da təsdiqləyib. Səfərin təfərrüatları açıqlanmasa da, onun ABŞ lideri ilə görüşəcəyi ehtimal olunur. Daha əvvəl verilən məlumata görə, Budapeştdə səfərdə olan Netanyahu, Macarıstanın Baş naziri Viktor Orbanla birlikdə Trampla əlaqə saxlayıb. Danışıqların əsas mövzusunun Budapeştin Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığı dayandırmaq qərarı olduğu bildirilib.
Gözlənilən səfərin nəticələri barədə fikirlərini Crossmedia.az-la bölüşən politoloq, professor Əlimusa İbrahimov qeyd edib ki, gündəliklə bağlı konkret təfərrüatlar rəsmi olaraq açıqlanmasa da, müzakirə olunacaq məsələlərlə bağlı ciddi ehtimallar mövcuddur: "İranla bağlı məsələnin müzakirə olunacağı şübhəsizdir. Çünki İranın nüvə proqramının qarşısının alınması İsrail üçün həyati əhəmiyyət daşıyır. İsrailin regionda apardığı mübarizənin əsas səbəbi İranın bölgədəki iddiaları və nüvə proqramıdır. Tramp ilə ilk görüşdə də Netanyahu bu məsələni gündəmə gətirmişdi. Lakin həmin vaxt Tramp Baş nazirin istədiyi qərarı qəbul etməmişdi. Bu səfərdə Netanyahu, Trampın son zamanlar İranla bağlı ritorikasının sərtləşməsini nəzərə alaraq, istədiyi nəticəni əldə edəcəyinə ümid edir. Netanyahunun görüşdə İsrailin təhlükəsizlik problemlərini, xüsusən də İranın nüvə ambisiyaları və regiondakı təsirini müzakirə edəcəyi gözlənilir. O, İran və onun proksi qüvvələrinin yaratdığı təhdidlərə qarşı mübarizədə ABŞ-dən davamlı dəstək almağı hədəfləyir. Lakin ABŞ İsrailə dəstək verəcəyini bildirsə də, regionda yaranacaq genişmiqyaslı münaqişə ehtimalı ABŞ-nin ehtiyatla davranmasına səbəb ola bilər. İranın nüvə obyektlərinə mümkün hücumun bölgədə müharibəyə səbəb ola biləcəyi və bu müharibənin ABŞ-i da hədəfə ala biləcəyi ehtimalı Trampın ehtiyatlı mövqe tutmasına yol aça bilər. Netanyahu bu dəfəki səfərində Trampın tərəddüdlərini öz mənafeyi istiqamətində dəyişməyə çalışacaq".
Politoloq həmçinin qeyd edib ki, ABŞ-İsrail ikitərəfli münasibətləri də gündəmdə olacaq: "Görüşdə ABŞ-İsrail münasibətlərinin cari vəziyyəti və gələcəyi də müzakirə mövzusu ola bilər. Netanyahu ABŞ-də İsrailə qarşı ikitərəfli dəstəyin davam etməsinin vacibliyini vurğulamağa çalışacaq. Səudiyyə Ərəbistanı kimi bəzi ərəb ölkələri ilə potensial normallaşma sazişləri də gündəmdə ola bilər. Netanyahu bu diplomatik təşəbbüslərdə ABŞ-nin vasitəçi və dəstəkçi rolunu gücləndirməyə çalışa bilər. Fələstinlə bağlı vəziyyət, o cümlədən sülh və təhlükəsizliklə bağlı səylər də müzakirə oluna bilər. Trampı xüsusilə narahat edən məsələ İsraillə Həmas arasında əldə edilmiş atəşkəsin pozulmasıdır. Məlum olduğu kimi, bu atəşkəs Trampın hər iki tərəfə göstərdiyi təzyiq nəticəsində əldə olunmuşdu. Lakin atəşkəsin pozulmasından sonra ABŞ-də İsraili də məsul görmək meylləri müşahidə olunur. Netanyahu Trampa bu məsələdə İsrailin mövqeyini izah edərək onun dəstəyini qazanmağa çalışacaq".
Ə. İbrahimov vurğulayıb ki, İsrail-Azərbaycan-ABŞ münasibətləri barədə də fikir mübadiləsi aparıla bilər: "İkitərəfli danışıqlarda İsrail-Azərbaycan-ABŞ əlaqələri, eləcə də Azərbaycanın İbrahim Müqaviləsinə qoşulması məsələsi də gündəmə gələ bilər. Bu məsələ hər üç ölkənin siyasi dairələrində geniş müzakirə olunur və bu səfər zamanı da müzakirə olunacağı ehtimal edilir".
Xumar Emilqızı
15:40 04.04.2025
Oxunuş sayı: 9790