Gürcüstan prezidentinin Cənubi Qafqaz turnesi: Masada nələr olacaq?

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək. Belə ki, Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir. Qeyd edək ki, səfərin məqsədi əlaqələri tənzimləməkdir.
Gözlənilən səfər barədə Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, Gürcüstan prezidenti Azərbaycana və Ermənistana səfəri hər şeydən əvvəl tanışlıq məqsədlidir: " Gürcüstanda yeni prezident seçiləndən sonra bu, onun həm Azərbaycana, həm də Ermənistana ilk səfəridir. İkinci tərəfdən, Gürcüstan, bildiyimiz kimi, Cənubi Qafqaz ölkəsidir və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi Gürcüstanı birbaşa maraqlandırır. Bu baxımdan Gürcüstan prezidentinə normallaşma mərhələsindəki son vəziyyətlə bağlı məlumat veriləcək".
Gürcüstanın müxtəlif təşəbbüslər ortaya qoya biləcəyini qeyd edən siyasi şərhçi, həmçinin Tblisinin öz vasitəçiliyini və danışıqlara da ev sahibliyini təklif edəcəyini bildirib: "Əlbəttə, digər məsələlər də müzakirə olunacaq. Gürcüstan-Rusiya münasibətləri, Gürcüstanın separatizmə məruz qalan ərazilərinin taleyi məsələsi gündəmdə ola bilər. Abxaziya və Osetiya ilə bağlı Gürcüstan prezidenti müəyyən bəyanatlar səsləndirə bilər. Təbii ki, Azərbaycanla görüş çərçivəsində Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edəcək".
K. Novruzov bu səfərin əvvəl Azərbaycana, sonra Ermənistana olmasının müsbət hal olduğunu vurğulayıb:
"Bu səfər, Gürcüstanın yeni hakimiyyəti dövründə Bakı-Tbilisi əlaqələrinin daha da inkişafı baxımından müstəsna əhəmiyyətə malik olacaq".
Fatimə Məmmədova
14:17 04.04.2025
Oxunuş sayı: 1281