Sülh Rusiya iqtisadiyyatı üçün çökmə təhlükəsi yaradır
Ukraynaya qarşı müharibə Rusiya iqtisadiyyatı üçün ağır yükə çevrilib və ölkəni ciddi böhranla üz-üzə qoyub. Lakin Kreml hələ də təcavüzü dayandırmaq niyyətində olmadığını nümayiş etdirir. Bu barədə Piletski İnstitutunun Totalitar Araşdırmalar Mərkəzinin dosenti Yan Qarner bəhs edib.
Mütəxəssisin fikrincə, müharibənin sona çatması Rusiyada Putinin hakimiyyətini təhdid altına qoya bilər. Hətta Kursk vilayətində Rusiya ordusunun nisbətən əhəmiyyətli uğurları belə yaxın gələcəkdə Ukrayna üzərində hərbi qələbə ehtimalını göstərmir. Bununla belə, müharibə sürətlə Rusiya resurslarını, döyüş texnikasını və insan gücünü tükədir.
Yan Qarner qeyd edir ki, Kreml müharibəni uzadıb, cəbhədə təzyiq göstərməklə daha əlverişli şərtlər əldə etmək niyyətində ola bilər. Lakin müharibənin dayandırılmasının yaratdığı risklər Putinə onun davam etdirilməsindən daha təhlükəli görünür. Ekspert vurğulayır ki, iqtisadi və demoqrafik baxımdan müharibənin davamı Rusiya üçün qəbuledilməzdir, lakin Kremlin mövqeyinə görə, döyüşlərin sona çatdırılması daha böyük təhlükə daşıyır.
Son üç ildə Rusiya iqtisadiyyatında müşahidə olunan "inanılmaz" artımın müdafiə sənayesinə astronomik maliyyə vəsaitlərinin yönəldilməsi ilə bağlı olduğunu bildirən Qarner müharibənin dayandırılması və hərbi istehsal xərclərinin azaldılmasının "Rusiyanın iqtisadiyyatına çəkiclə zərbə vuracağına" diqqət çəkib.
Alman iqtisadçı Yanis Kluqe isə qeyd edib ki, Kreml iqtisadi kollapsdan qaçmaq istəyirsə, müharibədən sonra da xərcləri hazırkı səviyyədə saxlamağa davam etməlidir.
Ekspertlərin fikrincə, Rusiya üçün sülhün başlanması iqtisadiyyatın əsas dayaqlarının itirilməsi və sosial narazılığın artması təhlükəsi daşıyır. Buna görə də, müharibənin davam etdirilməsi Kremlin siyasi məqsədlərinə daha çox uyğun gəlir.
Nigar Yahyazadə
09:11 04.04.2025
Oxunuş sayı: 1540