Urmiya gölü böhranı: İran qarışır, Pezaşkian həll yolu axtarır

İranda Urmiya gölü ilə bağlı ekoloji problem illərdir ki, davam edir. Fərqli vaxtlarda İrandakı hakimiyyət məsələni həll edəcəklərinə dair vəd versələr də, problem hələ də aradan qalxmayıb. Bu isə xalq arasında narazılığı artırır.
Urmiya gölü ilə bağlı problemin İran daxilindəki mövcud vəziyyətə təsiri barədə Crossmedia.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, İranda illərdir kim Prezident seçilirsə, “Urmiya gölünün ekoloji problemini həll edəcəm” vədini verir, seçiləndən sonra vədini unudur və problem dərinləşməkdə davam edir: "Prezidentlərdən biri gölün ekoloji probleminin həlli məqsədilə yaponiyalı mütəxəssisləri prosesə cəlb edəcəyini bildirmişdi, ancaq nə yaponlar gəldi, nə də vəziyyətdən çıxış yolları arandı. Bu dəfə məsələylə yeni Prezident Məsud Pezeşkian məşğul olacağını vəd verib. O, birbaşa Urmiya gölünü ziyarət edərək, elə oradaca jurnalistlərə deyib ki, “gölün vəziyyətini yaxşılaşdırmaq üçün universitet professorlarının, tədqiqatçılarının və mütəxəssislərinin dəstəyindən və köməyindən istifadə etməyə çalışırıq”. Ancaq Prezidentin problemin həlliylə bağlı sonrakı cümləsi ümidin yalnız yağışın yağmasından ibarət olduğunu göstərib. “Yağışlar Urmu gölünün vəziyyətinin yaxşılaşdırılmasında çox mühüm rol oynayır” – deyən Pezeşkian yağıntıların artmasının gölün canlanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Pezeşkian Urmiya gölü barədə açıqlamalar verərkən, Urmiya şəhərindəki etirazlarla bağlı açıqlama verməyib. Hər halda etirazın səbəbi ona bəllidir, ancaq hələ ki, reaksiya yoxdur".
Kənan Novruzov
12:27 27.03.2025
Oxunuş sayı: 1652