ABŞ-də Təhsil Nazirliyi ləğv olundu: Bu tendensiya yayıla bilərmi? - Eskpert

Təhsil insan həyatının hər bir mərhələsində əhəmiyyət daşıyan və cəmiyyətin inkişafında böyük rol oynayan əsas sütunlardan biridir. Təhsil fərdi yalnız biliklərlə təmin etmir, həm də özünü ifadə etmək, sosial bacarıqları inkişaf etdirmək və dünyanı dərk etmək üçün bir vasitə rolunu oynayır. Təhsilin əsas məqsədi yalnız biliklərin ötürülməsi deyil, eyni zamanda etik dəyərlərin, yaradıcı və tənqidi düşüncə qabiliyyətlərinin formalaşdırılmasıdır.
Bu sahədə bir çox dövlətlərin fərqli yanaşmaları, strategiyaları və prioritetləri mövcuddur. Hər ölkə öz təhsil sistemini mədəni, iqtisadi və sosial ehtiyaclarına uyğun şəkildə qurur və inkişaf etdirir. Təhsil sahəsində aparılan islahatlar, innovativ metodologiyaların tətbiqi və texnologiyanın inteqrasiyası bu dövlətlərin təhsil sistemlərinin daha effektiv olmasına töhfə verir. Dövlətlər fərqli modellər və yanaşmalar ilə qlobal rəqabət qabiliyyətini artırmağa çalışırlar.
Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq burada müəyyən təhsil sisteminin formalaşdığı qeyd olunur. Daha sonra, X–XIII əsrlərdə Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı və Ərdəbil kimi şəhərlər elm, təhsil və mədəniyyətin əsas mərkəzləri olub. Bu dövrdə Azərbaycanın müxtəlif bölgələrində mədrəsələr fəaliyyət göstərib, bir sıra alimlər və yaradıcı şəxslər yetişib. XIII–XIV əsrlərdə təhsildə canlanma müşahidə edilib, Təbrizdə "Rəbi-Rəşidi" kimi genişmiqyaslı təhsil ocaqları qurulub. Burada minlərlə tələbə müxtəlif elmləri öyrənib, həmçinin dünyanın müxtəlif bölgələrindən alimlər tədrisə dəvət edilib. Bu ali məktəblərdə təbiətşünaslıq, fəlsəfə, tarix, astronomiya və digər elm sahələri tədris olunub. XVIII–XIX əsrlərdə isə təhsil əsasən dini qurumların nəzarətində olub, uşaqlar məscidlər və şəxsi evlərdə təhsil alıb. Bununla belə XIX əsrin əvvəllərində müasirləşmə ehtiyacı artmış və qəza məktəbləri yaradılıb. Bu məktəblərdə həm dini, həm də dünyəvi fənlər tədris edilib.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik- Xalq Maarifi Nazirliyi yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib. 28 iyul 2022-ci ildə adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilib.
ABŞ-də isə təhsil sistemi müasir yanaşması və çoxşaxəli strukturu ilə seçilir. ABŞ-də təhsil sistemi federal, ştat və yerli hakimiyyət orqanları tərəfindən idarə olunur. Savadlılıq dərəcəsi 97%-dir, lakin 2003-cü ilin məlumatına görə, 25 yaş və yuxarı şəxslərin 84,6%-i orta təhsillidir. 52,5%-i müəyyən ali təhsil səviyyəsini, 27%-i isə bakalavr dərəcəsini bitirmişdir. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditasiyası ilə hər ştatda fəaliyyət göstərən xüsusi qurumlar məşğul olur. Hər bir ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəyə dair öz qanunvericiliyi mövcuddur. Bu cür qurumlar bəzən sadəcə diplom satışı ilə məşğul olur, bu isə təhsilin keyfiyyətinə mənfi təsir göstərən problemlərə səbəb olur.
Təhsil sahəsində islahatlar ABŞ-də daim diqqət mərkəzindədir.
Bildiyimiz kimi, martın 21-də ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvi ilə bağlı fərman imzalayıb. Bu addımın əsas səbəbi olaraq nazirliyin fəaliyyətinin effektiv olmaması və təhsil sahəsində xərclərin yüksək olmasına baxmayaraq, nəticələrin gözlənilən səviyyədə olmaması göstərilir. Trampın bu qərarı federal təhsil departamentinin funksiyalarını ştatlara qaytarmaq və təhsil idarəetməsini daha lokal səviyyədə həyata keçirmək məqsədini güdür. Onun fikrincə, bu yanaşma təhsil sahəsində daha çevik və effektiv idarəetməni təmin edəcəkdir.
Bu qərar müxtəlif mübahisələrə səbəb olub. Dəstək verənlər hesab edirlər ki, ştat səviyyəsində idarəetmə təhsil sistemini daha çevik edəcək və yerli ehtiyaclara daha yaxşı cavab verəcəkdir. Digər tərəfdən, tənqidçilər federal funksiyaların azalmasının təhsildə qeyri-bərabərliyi artıracağı barədə narahatlıqlarını ifadə edib.
Bəs bu tendensiya dünyada geniş yayılarsa təhsil əlçatanlığında problem yarana bilərmi?
Crossmedia.az mövzu ilə bağlı AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımova müraciət edib.
Ekspert ilk olaraq bildirib ki, Tramp Təhsil Nazirliyinin ləğvinə çağırış barədə qərarı imzalayıb və deyirlər ki, bu ləğv deyil, sadəcə ixtisara, islahata çağırışdır:
“Nazirliyin ləğvi qanunlarda dəyişiklik tələb edir. ABŞ qanunlarına görə, nazirliyin əsas funksiyası təhsilə pul ayırmaq, diskriminasiya hallarının qarşısını almaqdır. Amma bu durumu dəyişmir. Bu funksiyalar müvafiq olaraq ABŞ Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə həvalə edilə bilər. Həmçinin, artıq 5000 nəfərədək ştatı olan strukturun 2500 nəfərədək əməkdaşı bu həftədən uzun müddətli məzuniyyətə göndərilib. Bu qərardan şikayətçilərin məhkəməyə müraciət etməsi xəbəri də yayılıb. İkincisi, ABŞ Təhsil Nazirliyi ilə bağlı problem – ABŞ-nin respublikaçıları və demokratları arasında gedən siyasi mübarizə məsələsidir”.
Onun sözlərinə görə, ABŞ-də Təhsil Nazirliyi, Azərbaycanın analoji strukturu ilə müqayisədə çox cavandır:
“Azərbaycanda Xalq Maarifi Nazirliyi 1918-ci ildə yaranmış, sovet dövründə və müstəqil Azərbaycan Respublikası dövründə bir neçə dəfə adı dəyişilərək 2022-ci ildən bu günədək Elm və Təhsil Nazirliyi adı altında fəaliyyət göstərir. ABŞ-də əzəldən Təhsil Nazirliyi yox idi. Hər bir ştat, ərazi dairəsi administrasiyası daxilində maarif, təhsil departamentləri bu sahəni idarə edirdi. Nəhayət, yalnız Demokrat Partiyasından olan siyasətçi Cimmi Karterin prezidentliyinin son dövründə, 1979 - cu ildə ABŞ-də Təhsil Nazirliyi təsis edilir. Məsələ ondadır ki, ABŞ-ın şəhərlərinin, ştatlarının və ərazi dairələrinin təhsil departamentləri yerli ibtidai (Elementary School / 5 illik), orta (Middle School / 6 – 8-ci siniflər) və ali (High School / 9-12 siniflər) məktəbləri maliyyələşdirir. Bunlar sırf yerli və dövlət (federal) pulları hesabına fəaliyyət göstərən ödənişsiz məktəblərdir. Həmçinin, kollec və universitetlərin büdcələrinin tutarlı hissəsini yerli özünüidarə strukturlarının təhsil departamentlərinin ayırmaları təşkil edir. Zəngin ştatların, ərazi dairələrinin, şəhərlərin administrasiyalarındakı təhsil departamentlərinin büdcəsi yüksəkdir. Məsələn, ötən ilki məlumatlara görə, ABŞ-nin Ferfaks dairəsi təhsil departamentinin büdcəsi 4 milyard ABŞ dolları həcmində idi. Təkcə Nyu-York şəhərinin təhsil departamentinin illik büdcəsi 24 milyard dollardan çox olub. Sözsüz ki, kasıb, zəif büdcəli şəhər, dairə və ştatların təhsil büdcəsi azdır, onların təhsil ocaqlarına ayırdıqları maliyyə də zəifdir. Yaxşı təhsil almaq istəyən gənc sözsüz ki, güclü məktəblərə can atır, amma güclü məktəblərdə bilikli, tələbkar və yüksək maaşlı müəllimlər dərs deyir, məktəblərin texniki təchizatı da güclüdür. Bunlar isə, böyük pul deməkdir. Beləliklə, məktəb nə qədər güclüdürsə, onun ödənişi də yüksəkdir. Ona görə imkansız ailələrdən olan gənclər zəif məktəblərdə təhsil almağa məcbur idilər. Cəmiyyətdə bu məsələdə narazılıqdan istifadə edərək o zaman demokratlar sosial ədalət, bərabərlik, müxtəlif diskriminasiyaya (milli, irqi, dini, cinsi, sosial və s.) qarşı şüarlar altında nazirliyi yaradırlar. Bir il sonra hakimiyyətə gələn respublikaçı Ronald Reyqan seçki marafonunda bildirmişdi ki, yeni yaranmış nazirliyi ləğv edəcək. Çünki bu nazirliksiz də təhsil var idi və nazirlik sadəcə dövlət pullarının göyə sovuracaq. Amma bu məsələdə respublikaçılar israrlı olsalar da, onu gerçəkləşdirmirdilər”.
Mütəxəssis bildirib ki, ABŞ TN daha çox məsləhət verici bir orqan olub:
“Strukturun ABŞ təhsil sisteminə ciddi təsiri yox idi. Dərs vəsaiti və təhsil proqramları tövsiyə xarakteri daşıyıb. Nəinki özəl, hətta əsas maliyyəsi büdcə pulu olan dövlət məktəbləri təhsil proqramı və dərsliklərin seçimində azad idi. Sosial yardımların artırılması ilə kasıb ailələrə təhsil yardımı və ya kasıb regionların məktəblərinin öz zəngin analoqları səviyyəsinə çatdırılması cəhdi çox da effektiv olmayıb. Ləğv olunmuş ABŞ Təhsil Nazirliyinin ötən il üçün büdcəsi – toplam 268 milyard ABŞ dolları idi. Əhali arasında da əsas narazılıq bu idi ki, bu büdcə ilə yenə də ABŞ-də kasıb ştatların, ərazi dairələrinin orta məktəbləri özəl analoqları ilə müqayisədə cəlbedici görünmür”.
P. Qasımov qeyd edib ki, biz ABŞ-nin “kasıb, zəif orta təhsil məktəbi” deyəndə 40-50-ci illərdə tikilmiş, dəhşətli durumdakı bizim bəzi kəndlərimizdəki məktəbləri nəzərdə tutmuruq:
“ABŞ-nin prestijli olmayan məktəbləri ilə bizim qəza durumunda olan məktəblərimiz arasında məsafə sonsuzdur. Digər tərəfdən, özəl və zəngin məktəblərin kollektivi ənənəvi, mühafizəkar qaydalara əməl edir ki, valideynlər öz uşaqlarını bu məktəblərə verməyə arxayın olsunlar. Nəticədə, siyasi baxışları fərqli olan, ümumi əxlaqi normalara davranışı sığmayan, müəyyən dini və milli mənsubiyyəti ağdərili anqlosakson protestant cəmiyyəti tərəfindən birmənalı qarşılanmayan müəllimlər və şagirdlər üçün bu məktəblərin qapıları bağlı və ya mühiti qapalı qalıb. ABŞ TN də bu problemləri hər vəchlə həll etməyə çalışıb. Nəticədə, faktiki olaraq Amerikanın ağdərili mühafizəkar çoxluğu arasında ABŞ TN-nə münasibət birmənalı deyil. Mühafizəkar müəllimlər, şagird və tələbə valideynləri isə TN-ni qeyri-ənənəvi cinsi münasibətlərin təşviqində, sosialist ideyaların örtüyü altında zorakı bərabərliyi təbliğ etməkdə günahlandırıblar. Həmçinin, cəmiyyətdə nazarılıq var idi ki, nazirlik cinsi, dini və milli azlığın nümayəndəsi olduğunu əsas gətirərək bacarıqsız, savadsız müəllimlərin işə götürülməsini və işdə qalmasını təşviq edib.
Bizim üçün absurd görünən mənzərəni təsvir edin. Müəllim şagirdlərə deyir: “Əgər siz cinsinizi dəyişmək istəyirsinizsə və valideynləriniz sizə mane olursa, onda bizə deyin. Müəllimlər sizin seçiminizi dəstəkləyəcək və valideynlərinizə qarşı məhkəmə işi qaldıracaq”. Təsəvvür edin ki, bu cür hallarda həmin müəllimləri TN müdafiə edirdi?! Faktiki olaraq, bu nazirlik elə 70-ci illərdən Demokratlar Partiyasının üstü örtülü dayaqlarından biri idi. Ona görə də, ABŞ-də TN-nin ləğvi sırf “Amerika problemidir”. Bu xəmir hələ çox su aparacaq”.
Bir məsələyə diqqət çəkmək istərdim ki, ödənişsiz orta təhsil məktəbləri (yerli və federal dövlət puluna) nazirliyin ləğvi ilə yoxa çıxmayacaqlar:
“Artıq onların maliyyəsini yerli özünüidarə orqanlarının müvafiq departamentləri, həmçinin, çox ehtimal ki, Maliyyə Nazirliyi nəzdində yaradılacaq hansısa struktur ödəyəcək. Bir misal var ki, “oxumaq istəyən, onsuz da oxuyacaq”. ABŞ-də müxtəlif fondlar və proqram layihələri orta təhsil almaq istəyən şagirdlərə ianələr verir. Uzun müddətli təhsil kreditləri də var. Ali təhsil (kollec və universitetlər) tam pullu olsa da, ABŞ-də istedadlı, vergili və çalışqan tələbələr üçün stipendiya (pulsuz təhsil) proqramları var. Digər ölkələrdə təhsil sistemində problemlər fərqlidir. İnanmaq çətindir ki, digər ölkələr təhsil nazirliyi sistemindən imtina etsinlər. Çünki nə ərazisinə, nə əhali sayına, nə də dövlət və özəl maliyyə gücünə görə ABŞ-la müqayisəyə gələn ölkələr yoxdur. Digər ölkələrdə təhsil nazirliyinin ləğvi bütünlüklə təhsil sistemini dağıda bilər. Adicə bir misal deyim ki, bizim Elm və Təhsil Nazirliyinin büdcəsi ötən il təhsil üzrə 4 milyard 937 milyon 283 min 246 AZN və elm üzrə 239 213 243 AZN təşkil edib. Büdcə toplam – 5 milyard 176 milyon 469 min 489 AZN olub ki, cari kurs üzrə yuvarlaq 3 milyard 44 milyon 982 min ABŞ dolları edir”,- deyən ekspert fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
11:30 26.03.2025
Oxunuş sayı: 1831