CHP "özü öz ətini yeyir?"- Ərdoğandan mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Nazirlər Kabinetinin iclasından sonra çıxışında Türkiyə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsində və bunun fonunda ölkədə baş verənlərə münasibət bildirib.
O qeyd edib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyun izlənilir.
"Son 5 gündə şahidi olduqlarımız Türkiyə kimi xalqın çox qeyri-adekvat ana müxalifət partiyası olduğunu bizə göstərdi. Aydın məsələdir ki, onlar bələdiyyə köşkünü belə idarə edə bilmirlər. Aradan 80 il keçməsinə baxmayaraq, zərrə qədər dəyişmədiklərini xatırladaraq, CHP-nin öz oyununu təbəssümlə izləməyə davam edəcəyik. Təxribatlarla vətəndaşların dincliyini pozmağı dayandırın, cəsarətiniz varsa, korrupsiyanın hesabını verin”, - dövlət başçısı deyib.
Məlum olduğu kim, bir neçə gündür ölkədə vəziyyət qarışıqdır. İmamoğlunun həbsi Türkiyənin böyük şəhərlərində, xüsusilə İstanbulda xaos yaradıb. Xalq ayağa qalxıb.
Belə bir vəziyyətdə Ərdoğanın dedikləri diqqət çəkir. Onun baş verənləri "CHP-nin oyunu" adlandırması beyinlərdəki sualların sayını artırır.
Türkiyə liderinin səsləndirdiyi fikirləri Crossmedia.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, CHP artıq Atatürk ideologiyasından uzaqlaşıb və qlobal güclərin siyasi alətinə çevrilib:
"Bu gün CHP Atatürk ideologiyasından kənar, anlayışı olmayan və bunu həyat prinsipinə çevirməyən insanlarla doludur. Bunlardan biri də Əkrəm İmamoğludur. Partiya daxilində baş verən proseslərə baxdıqda görərik ki, hüquq-mühafizə orqanlarının müdaxiləsi və araşdırmaları məhz CHP üzvlərinin öz şikayətləri əsasında aparılıb. Yəni CHP üzvlərini ifşa edən də elə CHP üzvlərinin özləridir.
Bundan əvvəl CHP-nin keçmiş sədri Kemal Kılıçdaroğlunun gedişi və Özgür Özəlin CHP-yə sədr seçilməsi prosesi böyük maliyyə vəsaitləri hesabına həyata keçirilib: "Bu faktlar məhz CHP daxilindən gələn məlumatlarla üzə çıxıb və hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda, CHP-nin bəzi bələdiyyə başçılarının korrupsiyaya bulaşdığına dair sübutlar ortaya qoyulub və ciddi araşdırmalar aparılıb. Bu hadisələrə görə Əkrəm İmamoğlunun və digər bələdiyyə üzvlərinin həbsini Ərdoğanın hakimiyyətinə bağlamaq əvəzinə, məsələnin kökünə enmək və həqiqətləri görmək daha doğru olar. Ərdoğanın "Özləri çalıb, özləri oynayırlar" ifadəsi də məhz bunu göstərir. Çünki ifşaları edən, şikayətləri təqdim edən, korrupsiya faktlarını sübut edən elə CHP üzvlərinin özləridir. Digər tərəfdən, CHP sədri Özgür Özəlin tərəfdarlarına küçələrə çıxmaq çağırışı etməsi zahirən bir etiraz aksiyası kimi görünsə də, əslində, Əkrəm İmamoğlunun həbsindən sonra CHP daxilindəki güc balansını dəyişmək məqsədi daşıyır. İmamoğlunun siyasi səhnədən kənarlaşdırılması ilə Özəlin qarşısında yeni imkanlar açılıb. Lakin bu, o demək deyil ki, Özəl rahatlıqla partiya daxilində mövqeyini gücləndirəcək. Çünki keçmiş CHP-li bələdiyyə başçısı Lütfü Savaş Özəlin növbədənkənar qurultay çağırmasının qanunsuz olduğunu iddia edərək, məhkəməyə müraciət edib. Əgər məhkəmə araşdırmalara başlayarsa və əvvəlki qurultayın legitim olmadığı qərarına gəlinərsə, bu, Özəlin sədrliyini və çağırdığı yeni qurultayı sual altına salacaq".
Politoloq hesab edir ki, bu proseslər CHP daxilində ciddi gərginlik yaradıb və Ərdoğanın sözügedən ifadəsi də məhz partiya daxilində baş verən bu daxili çəkişmələri və ziddiyyətləri vurğulayır.
Zəhra Məmmədova
15:50 25.03.2025
Oxunuş sayı: 945