Politoloq: "Yaxın Şərq yenidən dizayn olunur"

İsrail iqtidarı Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı keçirməyi planlaşdırır. Yəhudi dövlətinin rəhbərliyi hesab edir ki, Qəzza zolağının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanılması HƏMAS üzərində qəti qələbə qazanmağa imkan verəcək. HƏMAS üzərində qəti qələbə qazanmaq üçün İsrail yeraltı tunellər sistemini və hərəkatın digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay və ya hətta illər çəkə bilər. İsrail Baş naziri Benyamin Netanyahunun yeni strategiyasının əleyhdarları bildirir ki, münaqişənin siyasi həlli olmadan HƏMAS-ı ləğv etmək mümkün olmayacaq.
Qəzzadakı hərbi əməliyyatlar barədə Crossmedia.az-a açıqlama verən Politoloq Elçin Xalidbəylinin sözlərinə görə, İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı yalnız Türkiyə və bir neçə Avropa ölkəsi ciddi etiraz bildirsə də, ümumilikdə bu məsələyə dünya miqyasında kifayət qədər etiraz yoxdur: "Bu səbəbdən İsrail hazırda bu əməliyyatlarda daha rahat hərəkət edir. İsrailin ən yaxın müttəfiqi olan ABŞ-nin Yaxın Şərqə dair mövqeyi və məqsədləri artıq geniş şəkildə məlumdur. Prezident Donald Trampın açıqlamalarında, fələstinlilərin digər ölkələrə köçürülməsi və bu məqsədlə bəzi ərəb ölkələri ilə danışıqlar aparılması vurğulanmışdır. Bu vəziyyət göstərir ki, Yaxın Şərqdə baş verən hadisələrin arxasında ABŞ-nin maraqları dayanır. İsrail ABŞ-nin bu məsələdə xüsusilə Qəzzadakı hərbi əməliyyatlar mövzusunda dəstəklədiyi müddətcə, əməliyyatları davam etdirəcək. Lakin ABŞ-dən belə bir dəstəyin kəsilməsi vəziyyətində, İsrailin hərəkətlərinin də dayanma ehtimalı artacaq. Hələlik isə Ağ Evdən belə bir mesajın verilməsi ehtimalı azdır. Görünür, bu hadisələr hələ bir müddət davam edəcək".
Sonda E. Xalidbəyli bildirib ki, Yaxın Şərq yenidən dizayn olunma prosesindədir və bu proses tamamlanana qədər böyük ehtimalla, Qəzza böhranı və Qəzzada hərbi əməliyyatlar davam edəcək.
Pərvin Hacıyeva
17:30 24.03.2025
Oxunuş sayı: 5050