Papa, xəstəxanadan göndərdiyi məktubla "silahsızlanma" çağırışı etdi

Katoliklərin ruhani lideri və Vatikan Dövlət Başçısı Papa Fransiskus, müalicə aldığı xəstəxanadan göndərdiyi məktubda "dünyanı silahsızlandırma" çağırışı edib.
Fevral ayında keçirdiyi şiddətli bronxit səbəbindən 33 gündür Roma'dakı Gemelli Xəstəxanasında ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə alan 88 yaşlı Papa, İtalyan Corriere della Sera qəzetinə bir məktub göndərib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Papa, 14 mart tarixli məktubunda xəstəxanada olduğu bu dövrdə müharibələrin ona daha da mənasız göründüyünü bildirib.
Dünyada hər kəsi anlıq olaraq bir-birinə bağlayan ünsiyyət vasitələrinin mövcud olduğunu və sözlərin böyük əhəmiyyət daşıdığını vurğulayan Papa, bunları bildirib:
"Onlar heç vaxt sadəcə söz deyil, insanlar arasındakı münasibətləri formalaşdıran reallıqlardır. Sözlər insanları birləşdirə və ya ayıra bilər, həqiqətə xidmət edə bilər və ya ondan faydalana bilər. Sözləri silahsızlandırmalıyıq ki, ağlı və dünyanı da silahsızlandıraq. Dərin düşünməyə, sükunətə və hadisələrin mürəkkəbliyini anlamağa böyük ehtiyac var. Müharibə, icmaları və ətrafı məhv etməkdən başqa heç bir məqsədə xidmət etmir, münaqişələrə həll təklif etmir. Diplomatiyaya və beynəlxalq qurumlara yeni bir can və etibarlılıq qazandırılmalıdır."
Digər tərəfdən, Vatikan Dövlət Katibi (Baş nazir) Kardinal Pietro Parolin, bir aydan artıq müddətdir xəstəxanada müalicə alan Papa Fransiskusun sağlamlıq vəziyyəti səbəbindən vəzifəsini tərk edəcəyi ilə bağlı xəbərləri təkzib edib.
Bu arada, Vatikan Mətbuat Ofisi dünən axşam Papa Fransiskusun sağlamlıq vəziyyəti ilə bağlı paylaşdığı son məlumatda, Papa'nın vəziyyətinin sabit olduğunu, gün ərzində aldığı yüksək axınlı oksigen dəstəyinin tədricən azaldıldığını və axşam saatlarında ona invaziv olmayan mexaniki ventilyasiya tətbiq edilməyə davam edildiyini bildirib.
Papa, 14 fevraldan bəri Romadakı Gemelli Xəstəxanasında tənəffüs yolları ilə bağlı xəstəliklər səbəbindən müalicə alır.
Pərvin Hacıyeva
16:10 18.03.2025
Oxunuş sayı: 841