Tramp: Putinlə atəşkəs danışıqları torpaq və enerji barədə olacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp danışıqçıların Rusiyaya ABŞ-Ukrayna atəşkəs təklifini dəstəkləməsi üçün təzyiq etməsindən sonra, çərşənbə axşamı Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya əsasən bildirir ki, Tramp çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə edəcəyini açıqlayıb.
“Həftə sonu bunun üçün çox iş aparıldı. Biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik. Düşünürəm ki, yaxşı şansımız var”, - Tramp bazar günü axşam verdiyi açıqlamada bildirib.
Tramp Ukraynanın keçən həftə razılaşdırdığı 30 günlük müvəqqəti atəşkəs və hərbi əməliyyatların dayandırılması üçün Rusiyanın dəstəyini təmin etməyə çalışır.
“Biz torpaq haqqında danışacağıq. Elektrik stansiyaları haqqında danışacağıq”, - deyən Tramp danışıqlarda iştirak edənlərin artıq “müəyyən aktivlərin bölünməsini” müzakirə etdiklərini əlavə edib.
ABŞ-nin xüsusi elçisi Stiv Vitkof bildirib ki, Tramp və Putinin bu həftə görüşü gözlənilir. Bu yaxınlarda danışıqları davam etdirmək üçün Moskvaya səfər edən Vitkof Putinlə müzakirələrin “müsbət” və “həll yönümlü” keçdiyini qeyd edib.
Vitkof atəşkəs təklifinin daha çətin aspektlərindən, məsələn, Putinin Kurskdakı Ukrayna qüvvələrinin təslim olmasını, Ukraynaya hərbi yardımın dayandırılmasını və Rusiya tərəfindən ələ keçirilən Ukrayna ərazilərinin Rusiya kimi tanınmasını tələb edib-etməməsi kimi suallardan yayınıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, atəşkəsi dəstəkləyir, lakin hələ də müzakirə edilməli olan məsələlər var. O, xüsusilə Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna qoşunlarının vəziyyətinə diqqət çəkib.
Moskva Fransa və Böyük Britaniyanın təklif etdiyi Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsini qəbul etməyəcəyini bəyan edib.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna suveren dövlətdir və Rusiyanın “hərbi birləşmələr” kimi təsvir etdiyi qüvvələri qəbul etməsinə ehtiyac yoxdur.
“Ukrayna öz ərazisində müttəfiq qüvvələrin olmasını tələb edərsə, onları qəbul etmək və ya rədd etmək Rusiyadan asılı deyil”, - Makron əlavə edib.
Bazar günü ABŞ dövlət katibi Marko Rubio bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra “növbəti addımları” müzakirə edib.
ABŞ Dövlət Departamenti bildirib ki, hər iki tərəf atəşkəs təklifindən bəhs etmədən “ABŞ və Rusiya arasında əlaqəni bərpa etmək üçün işləməyə” razılaşıb.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Putin prosesi çətinləşdirmək və müharibəni uzatmaq üçün atəşkəs təklifini “qəsdən” gecikdirir.
Böyük Britaniyanın baş naziri Kier Starmer bildirib ki, şənbə günü Ukrayna ilə bağlı keçirilən virtual sammitdən sonra Rusiyanın cavabı “kifayət qədər yaxşı deyil”.
Zəhra Ağayeva
20:25 17.03.2025
Oxunuş sayı: 845