İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

İranın Fars əyalətinin Şiraz şəhərində milli-mədəni hüquqların pozulması ilə bağlı etiraz aksiyası keçirən qaşqay türklərinin (azərbaycanlıların) qadınları polis qüvvələrinin hücumuna məruz qalıb.
Crossmedia.az-ın xəbərinə görə, onlara Fars əyaləti Polis İdarəsinin rəisi Reham Bahş Həbibi başçılıq edib.
İnformasiyaya əsasən, rəis farsdilli lor etnik qrupunun nümayəndəsidir, İranın Boirahmed bölgəsindən gəlmədir.
Qeyd edilib ki, yayılan videogörüntülərdə polis tərəfindən qadınlara fiziki gücün tətbiqi açıq-aşkar görünür.
Bildirilib ki, Azərbaycan türklərinin bir qolu olan qaşqaylar milli geyimləri, adət-ənənələrinin başqa farsdilli lor qrupun adına qeydiyyata alınmasına etiraz ediblər.
Mütəxəssislər qeyd ediblər ki, qaşqaylar tarixən qadınların şərəf və ləyaqətini qoruyublar. Vaxtilə bir ingilis yaşlı qaşqay qadınına əl qaldırmışdı. Buna etiraz olaraq qaşqay türkləri ingilislərə layiqli cavab vermişlər. Bu hadisə tarixdə də təsbit edilib.
Vurğulanıb ki, polisin davranışı adi etiraz aksiyasının qarşısının alınmasına cəhd deyil, bu, həm də Azərbaycan türklərinin qaşqay tayfasının insani, milli, mədəni hüquqlarına qarşı hörmətsizlik, onların aşkar assimilyasiyasının göstəricisidir.
Xatırladaq ki, Şiraz şəhərində bu, son zamanlar qaşqay azərbaycanlılarının adət-ənənə, milli geyimlərinin lorların və başqa farsdillilərin adına qeydiyyata alınmasına qarşı üçüncü etiraz aksiyasıdır.[Report]
12:50 17.03.2025
Oxunuş sayı: 1396