Türkiyə və ABŞ prezidentləri telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, danışıq zamanı liderlər iki ölkə arasındakı əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan, Türkiyə və ABŞ-nin müttəfiq ölkələr kimi yeni dövrdə əməkdaşlıqlarını həmrəylik və səmimi yanaşma əsasında inkişaf etdirəcəklərinə inandığını bildirib. Həmçinin o, Trampın Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün atdığı təşəbbüsləri dəstəklədiklərini, Türkiyənin müharibənin əvvəlindən bəri ədalətli və davamlı sülhün təmin olunması üçün çalışdığını və bu istiqamətdə səylərini davam etdirəcəyini qeyd edib.
Tərəflər Suriya məsələsini də müzakirə ediblər. Ərdoğan, Suriyada sabitliyin bərpası və normallaşma prosesinin sürətləndirilməsi üçün sanksiyaların aradan qaldırılmasının vacibliyini bildirib. O, bu addımların suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını vurğulayıb.
Eyni zamanda Türkiyə lideri terrorla mübarizədə ABŞ-dən Ankara ilə həmrəy addımlar atmasını gözlədiklərini ifadə edib.
İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edən Ərdoğan, CAATSA sanksiyalarına son qoyulması, F-16 təyyarələrinin satınalma prosesinin yekunlaşdırılması və Türkiyənin F-35 proqramına yenidən daxil edilməsi məsələlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Aybəniz Səfərova
18:33 16.03.2025
Oxunuş sayı: 1134