Böyük Britaniyanın Baş naziri: “Putin danışıqlar masasına oturmalı olacaq”

Böyük Britaniyanın Baş naziri Keir Starmer, 26 ölkənin qatıldığı onlayn Ukrayna Sammitindən sonra mətbuat konfransı keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, atəşkəslə bağlı Rusiyaya mesaj göndərərək, beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağırıb.
“Dünya hərəkətə keçməlidir. Boş sözlərə və şərtlərə son qoyulmalıdır. Mesajım aydındır: gec-tez Putin danışıqlar masasına oturmalı olacaq”, – deyə Starmer vurğulayıb.
Sammitdə müzakirə olunan əsas məsələlər
Böyük Britaniyanın təşkil etdiyi sammitdə Ukraynanın təhlükəsizliyi və Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilib. Starmer bildirib ki, Ukrayna sülh tərəfdarıdır, lakin Rusiya prezidenti Vladimir Putin atəşkəsi gecikdirməyə çalışır.
İştirak edən ölkələr arasında Avropa İttifaqı (Aİ), Kanada, Avstraliya, Yeni Zelandiya və Yaponiya da var. Starmerin sözlərinə görə, görüş iştirakçıları Ukraynaya hərbi yardımın artırılması, Rusiyaya təzyiqin gücləndirilməsi və sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
“Ölkələr əməliyyat mərhələsinə keçmək barədə razılığa gəldi”, – deyən Starmer bildirib ki, Böyük Britaniya əsgərləri Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək üçün güclü və konkret planlar hazırlamaq məqsədilə cümə axşamı bir araya gələcək.
ABŞ dəstəyi və Rusiyanın dondurulmuş aktivləri
Starmer vurğulayıb ki, Rusiyaya maksimum təzyiq göstərməyin zamanı çatıb. Sammit iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulub-qoyulmayacağı məsələsini də müzakirə ediblər.
Baş nazir qeyd edib ki, ABŞ-ın iştirakı olmadan Rusiyanı geri çəkilməyə məcbur etmək mümkün deyil: “ABŞ dəstəyinə alternativ yoxdur. Biz hər gün Vaşinqtonla bu məsələləri müzakirə edirik”.
Starmerin sözlərinə görə, sammitdə iştirak edən ölkələr siyasi və hərbi təcil qazandıqlarını bildiriblər və sülh danışıqlarının ədalətli və davamlı olmasının vacibliyini vurğulayıblar.
Aybəniz Səfərova
22:45 15.03.2025
Oxunuş sayı: 1453