Qəzza ərzaq yardımı gözləyir

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) Qəzzaya daxil olması gözlənilən 63 min ton ərzağın blokadanın qaldırılmasını gözlədiyini açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu yardım 1,1 milyon insana 2-3 ay müddətində kifayət edəcək.
Hazırda həm humanitar, həm də kommersiya yüklərinin daşınmasını təmin edən sərhəd keçidlərinin bağlanması səbəbindən Dünya Ərzaq Proqramı (WFP) da daxil olmaqla beynəlxalq təşkilatlar Qəzzaya ərzaq çatdırmaqda ciddi çətinliklərlə üzləşib.
Son iki həftə ərzində bölgədə yarım milyona yaxın insanın ərzaq çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
WFP hazır qida paketlərinin miqdarını azaldaraq daha çox insana yardım göstərməyə çalışsa da, humanitar böhranın yalnız ərzaq çatışmazlığı ilə məhdudlaşmadığı vurğulanır. Yanacaq qıtlığı səbəbindən Qəzzada nəqliyyat sistemi iflic olub, bu isə fövqəladə hallara müdaxilə edən qurumların fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb.
Eyni zamanda, səhiyyə sisteminin də kritik vəziyyətdə olduğu bildirilir. Xəstəxanalar və sağlamlıq mərkəzlərində mövcud generatorların baxıma ehtiyacı var, bu səbəbdən ən azı 24 yeni generatorun təmin edilməsi zəruri hesab olunur.
Aybəniz Səfərova
22:28 15.03.2025
Oxunuş sayı: 1349