Pakistanın baş naziri dünyanı islamofobiyaya qarşı addımlar atmağa çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif dünya ictimaiyyətini dini dözümsüzlük və islamofobiyaya qarşı mübarizə üçün konkret tədbirlər görməyə çağırıb. O, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsinin tezliklə təyin ediləcəyinə ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Şərif bu fikirləri 15 mart – Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə səsləndirib. O, xatırladıb ki, üç il əvvəl BMT Baş Assambleyası müsəlman icmalarına, onların dini simvollarına və ibadət yerlərinə qarşı artan qərəz, nifrət və hücumlar fonunda bu günün təsis olunması barədə qərar qəbul edib.
"Bu gün yalnız müsəlmanların üzləşdiyi çağırışların miqyasını xatırlatmaqla qalmır, həm də beynəlxalq ictimaiyyətin kollektiv iradəsini əks etdirən fəaliyyət çağırışıdır", – baş nazir vurğulayıb.
Şərifin fikrincə, ifadə azadlığı müqəddəs simvolların təhqirini və dinə hörmətsizliyi əsaslandıra bilməz. O, qlobal sülh və harmoniya üçün bütün dinlərə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.
Bildirək ki, Pakistanın baş naziri dünya liderlərini və insan haqları təşkilatlarını islamofobiyaya qarşı mübarizəni gücləndirməyə, məscidlərə hücumların və dini dözümsüzlük aktlarının qarşısını almağa çağırıb. Bu baxımdan, o, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsinin tezliklə təyin ediləcəyinə ümid etdiyini bildirib.
"15 mart günü yalnız islamofobiyaya qarşı mübarizəni deyil, eyni zamanda mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və qarşılıqlı anlaşmanın təşviqini də sürətləndirməlidir", – Pakistanın baş naziri əlavə edib.
Fatimə Məmmədova
19:14 15.03.2025
Oxunuş sayı: 944