BMT Baş katibi Quterreşdən İslamofobiyaya qarşı mübarizə çağırışı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin və zorakılığın artdığına diqqət çəkərək, onlayn platformaları nifrət nitqi və təzyiqləri dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, katib bunu, İslamofobiya ilə beynəlxalq mübarizə günü münasibətilə yayımladığı video müraciətdə bildirib: “Dünyanın müxtəlif yerlərində müsəlmanlar Ramazan ayını qeyd edərkən, bəziləri bu dövrü ayrı-seçkilik, təcrid və hətta zorakılıq qorxusu ilə yaşayır. Müsəlmanlara qarşı fanatizmin insan hüquqlarını və ləyaqətini pozan irqçi ayrı-seçkilikdən, fərdlərə və ibadət məkanlarına qarşı açıq zorakılığa qədər təhlükəli şəkildə artdığının şahidi oluruq.”
Baş katib qeyd edib ki, bu tendensiya yalnız müsəlmanlara deyil, eyni zamanda müxtəlif dini qruplara və həssas icmalara qarşı dözümsüzlük və ekstremist ideologiyaların geniş yayılmasının bir hissəsidir.
Quterreş vurğulayıb ki, bir qrupa edilən hücum, hər kəsin hüquq və azadlıqlarını təhlükəyə atır:
“Qlobal cəmiyyət olaraq biz fanatizmi rədd etməli və onu tamamilə aradan qaldırmalıyıq. Hökumətlər sosial birliyi təşviq etməli və dini azadlığı qorumağa borcludur.”
O, həmçinin onlayn platformaları nifrət nitqi və zorakılığı təşviq edən məzmunlara qarşı daha sərt tədbirlər görməyə çağırıb.
Mədinə Cəlilova
15:45 15.03.2025
Oxunuş sayı: 972