"Le Monde": "Türkiyə zəifləyən Avropa üçün strateji ölkəyə çevrilib"

Fransanın “Le Monde” qəzeti Türkiyənin indi zəifləmiş Avropa İttifaqının (Aİ) əvəzolunmaz tərəfdaşına çevrildiyini bildirib.
Fransanın "Le Monde" nəşrinin "Əvvəllər "'çətin'' tərəfdaş kimi görülən Türkiyə zəifləyən Aİ üçün imtina olunmaz oyunçuya çevrilib" sərlövhəli məqaləsində Türkiyə-Aİ münasibətləri təhlil edilib.
Materialda Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya dəstəyini təsdiqləmək üçün fevralın 17-də Parisdə keçirilən Ukrayna Sammitində yeddi Avropa ölkəsinin liderlərini, NATO və beynəlxalq qurumların nümayəndələrini bir araya gətirdiyi xatırladılıb.
Həmçinin bir çox Aİ ölkəsinin sammitə dəvət olunmamalarından narahat olduqları vurğulanaraq "Bir ölkənin yoxluğu xüsusilə nəzərə çarpırdı: NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə" ifadəsinə yer verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vance arasında ABŞ-da Oval Ofisdə müzakirənin prosesi dəyişdiyi diqqətə çatdırılıb. ABŞ-da yerləşən Hudson İnstitutunun düşüncə mərkəzinin Orta Şərq üzrə eksperti Zineb Riboua-nın Türkiyənin Paris sammitində iştirak etməməsini “strateji hesablamada səhv” kimi qiymətləndirdiyi bildirilib.
Bu səhvin martın 2-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən sammitə Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvət edilməsi ilə düzəldildiyi qeyd edilən məqalədə Fidanın sammitdən sonra ölkəsinin Avropa üçün müzakirə olunan yeni təhlükəsizlik arxitekturasında iştirakının vacibliyini vurğuladığı bildirilib.
Uzun illərdir Aİ-dən uzaqlaşan Türkiyənin artıq müxtəlif və mürəkkəb diplomatik aspektlərə sahib bir ölkə kimi görüldüyü vurğulanan yazıda "Atlantik İttifaqının bəzi üzvləri tərəfindən ən yaxşı halda "çətin", ən pis halda isə '"dağıdıcı" və "etibarsız" hesab edilən Türkiyə bu gün Vaşinqtonun dəyişən mövqeyi səbəbindən getdikcə daha həssaslaşan Avropa üçün imtina olunmaz hala gəldi" ifadəsi yer alıb.
Məqalədə 22 ildir Türkiyəni idarə edən Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəsini həm Rusiya ilə əməkdaşlıq edə bilən, həm də Suriyada bu ölkənin təsirini məhdudlaşdıra bilən nadir regional güclərdən birinə çevirdiyi vurğulanaraq aşağıdakı ifadələrə yer verilib:
"Bəşər Əsəd devrilməzdən əvvəl Moskva Türkiyənin Suriyanın şimalındakı təsirinin sərhədlərini və parametrlərini müəyyənləşdirirdi. Bu gün isə əksinədir. Bu, Aİ ölkələrini ciddi şəkildə Türkiyə rəsmilərini tez-tez masa arxasına gətirəcək mexanizmləri tətbiq etməyə təşviq edir".
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 18-də Ukraynanı müzakirə etmək üçün Səudiyyə Ərəbistanında görüşüb, eyni zamanda Zelenski Ankaraya gələrək prezident Ərdoğanla görüşüb.
Mənbədə deyilir ki, Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidentini qəbul edib və ''Türkiyə Ukraynanın gələcəyini təyin edən əsas aktor olmağa davam edir'' mesajını verib. Zelenskinin "Aİ, Türkiyə və Böyük Britaniyanın, bölgələri üçün təhlükəsizlik təminatlarının yaradılması məqsədilə ABŞ-la danışıqlara qatılmalı olduğunu" söylədiyi və bununla bu fikri dəstəklədiyi qeyd edilib.
Məqalədə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlər qurmasına baxmayaraq, Ərdoğanın Ukraynanın ən böyük tərəfdarlarından biri olduğu vurğulanaraq "Türkiyə, Rusiyanın Qara dəniz regionundakı aqressiv genişlənməsini, öz geosiyasi və enerji təhlükəsizliyi baxımından bir təhdid olaraq görməyə bilməz" ifadəsinə yer verilib.
Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Ukraynaya dəstək verməkdən çəkinən bir çox Avropa ölkəsindən fərqli olaraq Türkiyənin Montrö Konvensiyasına istinad edərək boğazları Rusiya hərbi gəmilərinə bağladığı, həmçinin Kiyev hökumətinə Bayraktar TB2 PUA-ları təmin etdiyi bildirilib.
Məqalədə "Bir tərəfdən Ukraynanı silahlandırarkən, digər tərəfdən Moskvaya qarşı Qərb sanksiyalarını tətbiq etmədən Rusiya ilə danışıqlar aparan Türkiyə, millimetrik bir balans siyasəti həyata keçirir" ifadəsinə də yer verilib.
Pərvin Hacıyeva
23:41 07.03.2025
Oxunuş sayı: 3281