“AzerGold” qeyri-filiz yataqlarına baxış keçirdi

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Şəki-Zaqatala iqtisadi rayonunda yerləşən bir sıra qeyri-filiz yataqlarına baxış keçirib, sahələrdə istismar işləri həyata keçirən sahibkarlarla görüşüblər.
Axar.az xəbər verir ki, ölkə ərazisində qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması prosesi çərçivəsində Qax, Oğuz və Qəbələ rayonlarında təşkil edilən görüşlərin məqsədi sahələrdəki mövcud vəziyyətlə əyani tanışlıq, sahibkarların təkliflərinin dinlənilməsi, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılmasıdır.
Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin, həmçinin “AzerGold” QSC-nin prosesə cəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçi şirkətinin təmsilçisinin iştirakı ilə keçirilən görüşlər zamanı qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar sənədləşmə işləri və bazar iştirakçılarının qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb. Görüşlərdə sahibkarların sualları cavablandırılıb, rəy və təklifləri qeydə alınıb. Sahə üzrə ixtisaslaşmış bazar iştirakçıları ilə intensiv görüşlərin davam etdiriləcəyi, təkliflərin təhlil olunacağı vurğulanıb.
Bildirilib ki, aparılan təhlillərin əsas məqsədi bu istiqamət üzrə səmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi ilə fəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblər əsasında təşkil edilməsi, yerli sahibkarların fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılması ilə regionlarda məşğulluğun artırılmasına töhfələrin verilməsidir.
Qeyd edək ki, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlara da səfərlər təşkil edilərək, 70-dən çox yatağa baxış keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.
Eyni zamanda QSC beynəlxalq standartlar nəzərə alınmaqla, yerli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
14:13 07.03.2025
Oxunuş sayı: 3435