“Üfüq” Karyera İnkişaf Proqramına start verilir

Kənd Təsərrüfatı Nazirliyində “Üfüq” Karyera İnkişaf Proqramına start verilir.
Müsabiqənin
əsas məqsədi potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera
inkişafına şərait yaratmaqdır.
Kənd
Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında Əməkdaşlıq
Memorandumu imzalanıb. Sənəd Kənd Təsərrüfatı Nazirliyində intellektual səviyyəsi
yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların inkişaf etdirilməsi,
dəstəklənməsi və bununla da kadr ehtiyatı bankının yaradılması istiqamətində əməkdaşlığı
nəzərdə tutur. Memoranduma əsasən, tərəflər Kənd Təsərrüfatı Nazirliyi daxilində
“Üfüq” Karyera İnkişaf Proqramını həyata keçirəcək.
İlk dəfə
təşkil edilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqəyə Nazirliyin
strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki digər
qurumlarda inzibati vəzifə tutan, ali təhsilli bütün əməkdaşlar qoşulacaq.
Müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim (qabiliyyət üzrə) və finaldan
ibarət olmaqla 4 mərhələdə keçiriləcək.
Müsabiqə
tam obyektivlik, qərəzsizlik və şəffaflıq prinsipləri əsasında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı
ilə təsis edilən və artıq 4 dəfə uğurla həyata keçirilmiş “Yüksəliş” müsabiqəsinin
ekspertləri və təşkilati komandası tərəfdaş qismində iştirak etməklə müsabiqə
proqramı və materiallarını hazırlayacaq, müsabiqə çərçivəsində iştirakçıların
bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirəcək.
Müsabiqədə
qalib gələn iştirakçılar inkişaf proqramına cəlb olunacaq, müxtəlif təlimlər,
kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri, Kənd Təsərrüfatı
Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramında iştirak edəcəklər.
Həmçinin
müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək və daha yüksək vəzifə
təyinatında müsabiqənin nəticələri nəzərə alınacaq.
Üfüqdə
inkişaf var!
13:11 07.03.2025
Oxunuş sayı: 3257