Deputat: "İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Türkiyə və Azərbaycanın ortaq taleyinin nişanəsidir"

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Türkiyəyə səfəri mühüm məqamlarla yadda qaldı. Belə ki, Azərbaycan lideri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata birdə bəyanatlarında ikitərəfli və regional proseslərlə bağlı vacib fikirlər səsləndirdi. Eyni zamanda dövlət başçıları İğdır- Naxçıvan qaz kəmərinin açılışında iştirak etdilər.
Bu mühüm hadisə və səfərlə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mart ayının 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə etdiyi növbəti uğurlu səfərin nəticələri bu iki ölkə arasında dostluq münasibətlərinin möhkəm və sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Ankarada keçirilən görüşdə bir sıra mühüm strateji məsələlərin müzakirəsi, o cümlədən İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında baş tutan açılış mərasimi hər iki ölkə üçün yeni layihələrin və yeni əməkdaşlığın başlanğıcı olub. Görüşlə bağlı verilən məlumatlar onu deməyə əsas verir ki, İgdır-Naxçıvan qaz boru kəməri Naxçıvanın qaz təchizatını şaxələndirmək və genişləndirməklə yanaşı, eyni zamanda İğdır əhalisinin də bu istiqamətdə rifahının və təbii qaza olan tələbatının yüksəlməsi ilə nəticələnəcəkdir. Artıq təməli qoyulmuş bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları da mövcuddur".
Müsahibimiz bildirib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi hər iki xalqın möhkəm qardaşlığını sübut edən önəmli bir gündür: "Məlumdur ki, Türkiyə və Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi nəhəng layihələr ölkələrimizin bağlılığını daha da artırmağa xidmət edir, iqtisadi-siyasi inkişafa təkan verir. Qeyd olunan layihələr illərdir ki, hər iki dövlətin həm neft-qaz təminatının yaxşılaşmasına, həm də dövlətlərimizin maddi rifahının yüksəlməsinə xidmət edir. İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində Türkiyə və Azərbaycanın ortaq taleyinin bir nişanəsidir. Ümumilikdə 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik olan bu kəmər Naxçıvanın təbii qaz ehtiyacının qarşılanmasına uzun müddət xidmət edəcəkdir. Aydındır ki, qeyd edilən bütün bu bağlılıqlar, iqtisadi, siyasi və digər əməkdaşlıqlar Türk dünyasının birləşməsi, həmrəy və həmfikir olması üçün önəmli bir məsələdir. Biz türk dövlətlərinin üzərinə düşən vəzifə isə ortaq maraqlar və əməkdaşlıqlar üzərində Türk dünyasının birliyini əbədi etməkdir".
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan hər zaman regionda sülhün, sabitliyin və rifahın tərəfində olmuşdur: "Bu məqsədlə atılan nümunəvi addımlardan biri də 2024-cü ilin iyul ayının 6-da Şuşa şəhərində Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannməsi” olmuşdur. Bu görüşdə Türk Dövlətləri Təşkilatının strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, kollektiv strategiyanın formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və
mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi xüsusi nəzərə alınmış, həmçinin Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. “Bir millət, iki dövlət” yanaşması hər addımda özünü göstərir. Bu şüar altında birləşən qardaşlıq münasibətlərimizin nəticəsidir ki, bu gün hər iki dövlət böyük irəliləyilşlər, uğurlar əldə edib, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə inkişaf edib və tarixin zirvəsinə yüksəlib".
Kənan Novruzov
15:08 06.03.2025
Oxunuş sayı: 1284