İddia: "Tramp cəmi 50-60 söz bilir"

ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalının efirində söyləyib ki, Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir.
“Prezident Donald Tramp hesab edir ki, bu, uzun müddətdir davam edən və çıxılmaz vəziyyətə düşmüş bir münaqişədir. Düzünü desək, bu, nüvə dövlətləri arasında proksi müharibədir: Ukraynaya kömək edən ABŞ, digər tərəfdən də Rusiya. Buna son qoyulmalıdır”, – o bildirib.
Rubio əlavə edib ki, həm Kiyev, həm Amerika Konqresi, həm də bir sıra ölkələr əvvəllər belə düşünürdülər ki, Ukraynaya “vacib olan hər şeyi lazım olduğu qədər vermək” kifayət edəcək.
M.Rubionun söylədiklərindən belə qənaətə gəlmək olar ki, ABŞ Rusiya ilə qarşı- qarşıyadır. Hərçənd Trampın son addımları və bəyanatları bunun tam əksini göstərir, onun haqqında müxtəlif fərziyyələ ortaya qoyur.
Bu barədə Crossmedia.az-a danışan politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ müəyyən qədər Ukraynaya dəstək versə də, yarıtmadı: "Silahlar ləngidilərək tədarük edildi. İndi isə ABŞ Ukraynaya dəstəyi ümumiyyətlə dayandırıb. Trampın hər addımı gülünc doğurur. İndi o, Ukraynaya verilən pulu geri istəyir. Tramp dəlidir, kəmsavaddır. Cəmi 50-60 söz bilir. Məni təəccübləndirən Senatdakı Nümayəndələr Palatasının onun addımlarına heç bir kəskin reaksiya verməsidir".
Ekspertin sözlərinə görə, Tramp demokratiyaya hörmət etmir, beynəlxalq hüquqa etinasız yanaşır: "Ona müqavimət isə çox zəifdir. Halbuki Tramp bütün ölkəni dünyanın gözündən salır. ABŞ lideri sanki ibtidai icma quruluşuna qayıtmaq istəyir. Belə davam edərsə, ona qarşı impiçmentin başlanması qacınılmaz olacaq. Nəzərə almaq lazımdır ki, əvvəlki hakimiyyəti dövründə Trampa qarşı iki dəfə impiçment başlanmış və onu Senat xilas etmişdi".
Kənan Novruzov
13:58 06.03.2025
Oxunuş sayı: 1124