ABŞ hökuməti kritik obyektləri satış siyahısından çıxardı

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) qərargahı, Ədliyyə Nazirliyi, Federal Mülki Aviasiya İdarəsi və digər federal qurumlara aid binalar Ümumi Xidmətlər İdarəsinin (GSA) satışa çıxarıla biləcək daşınmaz əmlaklar siyahısından çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, əvvəlcə 443 obyekti əhatə edən siyahı 320 obyektə qədər azaldılıb.
Bundan əlavə, Kənd Təsərrüfatı, Səhiyyə, Əmək və Veteranlar İşləri Nazirliklərinin kompleksləri də siyahıdan çıxarılıb. Həmçinin, Şimali Virciniyada yerləşən və rəsmi olaraq federal mülkiyyət kimi qeydiyyata alınmayan, lakin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirilən binalar kompleksi siyahıdan çıxarılıb.
Bundan başqa, ABŞ Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinə məxsus meteoroloji peyklərə nəzarət obyekti və Qida və Dərman Administrasiyasının laboratoriya kompleksi də satış siyahısına daxil edilməyib.
00:37 06.03.2025
Oxunuş sayı: 1436