Lukaşenko: Zelenski seçkilərdə məğlub olacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloqer Mario Naufala verdiyi müsahibədə beynəlxalq gündəmi silkələyən açıqlamalar verib. O, “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin nüvə silahına nəzarət etmək istədiyini, ABŞ-ın Ukrayna və Belarusdakı proseslərə müdaxiləsini, həmçinin Rusiya və Çinin strateji tərəfdaşlığının sarsılmaz olduğunu bildirib.
Crossmedia.az məlumat verir ki, Lukaşenkonun sözlərinə görə, Priqojin müəyyən dövrdə Rusiyada hakimiyyəti devirməyə və nüvə silahına nəzarəti ələ keçirməyə can atıb. Onun sözlərinə əsasən, Qərb dairələri də bu ehtimalı ciddi şəkildə nəzərdən keçirib. Belarus lideri vurğulayıb ki, əgər Priqojin geri çəkilməyə razı olmasaydı, döyüş qabiliyyətli bölmələrini Moskvanı qorumaq üçün göndərə bilərdi. Bununla yanaşı, Lukaşenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putin heç vaxt nüvə silahından istifadə etməyi düşünməyib.
Belarus Prezidenti həmçinin Trampı, Putini və Zelenskini Belarusda danışıqlara dəvət etdiyini açıqlayıb. O, ABŞ-ın bu münaqişəyə təsir imkanlarını qeyd edərək Trampın müharibənin dayandırılması üçün mühüm rol oynaya biləcəyini vurğulayıb. Lukaşenko bildirib ki, döyüşlər dayandırılmadan günahkarları axtarmaq mənasızdır.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin millətçi qüvvələrin təsiri altına düşərək münaqişəni qeyri-adi həddə çatdırdığını bildirib. Lukaşenko həmçinin qeyd edib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynada “Meydan” hadisələrini təşkil etmək üçün təxminən 5 milyard dollar yönləndirib və 2020-ci ildə Belarusdakı iğtişaşlar da həmin mənbələrdən maliyyələşdirilib.
Lukaşenko vurğulayıb ki, Rusiya və Çin heç vaxt ikitərəfli münasibətlərini pozmayacaq. O, həmçinin ABŞ-ın nadir torpaq metalları məsələsində Rusiya ilə razılaşmalı olduğunu bildirib. Belarus lideri əlavə edib ki, ABŞ-ın Zelenskiyə "yerini göstərməsi" Belarus üçün sərfəlidir.
Lukaşenko Ukrayna Prezidenti Zelenskinin seçki reytinqi ilə bağlı da iddia irəli sürüb. O, Zelenskinin açıqladığı kimi 57%-lik dəstək faizinin həqiqətə uyğun olmadığını, real göstəricinin cəmi 14-17% arasında olduğunu bildirib. Lukaşenkonun fikrincə, Zelenski seçkilərdə məğlub olacaq.
Belarus liderinin bu açıqlamaları beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub.
Nigar Yahyazadə
17:45 05.03.2025
Oxunuş sayı: 2922