Suriyada İslam Müqaviməti yaradıldı

Suriyada “İslam Müqaviməti” adlı yeni təşkilat yaradılıb. Qrup “xarici müdaxilə və işğala qarşı mübarizə aparacağını” bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bu təşkilatın rəsmi simvol və atributları İranın İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullah ilə əlaqəsini nümayiş etdirir. Bu da onun Tehran tərəfindən dəstəkləndiyini göstərir. Yeni yaradılan qrup bəyan edib ki, o, Suriyadakı bütün icmaları təmsil edəcək və ölkənin müdafiəsinə töhfə verəcək. Qurumun yaranmasının əsas səbəbi Suriya daxilində əvvəlki siyasi və sosial qüvvələrin idarəetmədə zəifliyi göstərilib. Qrup həmçinin qeyd edib ki, məqsədləri “Suriyanı işğaldan qorumaq, birliyi təmin etmək və dezinformasiyalara qarşı mübarizə aparmaqdır”. Bu addım xüsusilə Suriyada Bashar Əsəd rejiminin dekabr ayında üsyançılar qarşısında mövqelərini itirməsindən sonra atılıb. Analitiklər bildirir ki, bu yeni silahlı qüvvənin yaradılması, İranın regiondakı təsirini gücləndirmək niyyətindən xəbər verir.
Qeyd edək ki, Suriya münaqişəsinin gedişatına təsir edə biləcək bu yeni hərbi qurumun fəaliyyəti, beynəlxalq arenada diqqətlə izlənilir. ABŞ və İsrail mediası isə bu təşkilatı İranın regional nüfuzunu artırmaq üçün bir vasitə kimi dəyərləndirir.
Xumar Əhmədova
16:13 05.03.2025
Oxunuş sayı: 3549