Ərdoğan: “Türkiyəsiz Avropanın təhlükəsizliyi ağlasığmazdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində keçirilən “Səfirlərlə iftar” proqramında çıxış edərək, qlobal və regional məsələlərlə bağlı mühüm mesajlar verib.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, o, Türkiyənin Avropa üçün əvəzolunmaz bir güc olduğunu vurğulayaraq, “Türkiyənin layiq olduğu yeri tutmadığı bir Avropanın varlığını davam etdirməsi qeyri-mümkün görünür. Türkiyəsiz Avropanın təhlükəsizliyi ağlasığmazdır”, – deyə bildirib.
Dünya nizamı və qlobal çağırışlar:
Ərdoğan çıxışında dünya siyasətində artan qeyri-sabitlik, iqtisadi böhranlar və sosial qütbləşmələrə toxunub. O, sağçı və irqçi siyasi hərəkatların yüksəlişinin narahatlıq doğurduğunu qeyd edib.
Ədalətsiz beynəlxalq sistemin təhlükəli nəticələrə yol aça biləcəyini bildirən Ərdoğan, “Dünya 5-dən böyükdür” prinsipini yenidən vurğulayıb və müsəlmanların qlobal qərarvermə proseslərində daha çox təmsil olunmasının vacibliyini qeyd edib.
Ukrayna, Rusiya və Qəzza Münaqişələri:
Türkiyənin münaqişələrin həllində mühüm vasitəçi rolunu oynadığını vurğulayan prezident, Ukrayna və Rusiya arasında davam edən müharibəyə toxunaraq, “Mümkün həll nə Rusiyasız, nə də Ukraynasızdır”, – deyə bildirib.
Qəzza məsələsinə də diqqət çəkən Türkiyə lideri, İsrailin qeyri-sabitlik yaratmaqla öz təhlükəsizliyini təmin edə bilməyəcəyini və 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin qurulmasının qaçılmaz olduğunu vurğulayıb. O, Türkiyənin Fələstin məsələsinə diplomatik və humanitar dəstəyini davam etdirəcəyini bildirib.
Avropa ilə münasibətlər və islamofobiya təhlükəsi:
Avropa İttifaqına üzvlüyü Türkiyənin strateji prioriteti kimi xarakterizə edən Ərdoğan, Avropanın Türkiyəsiz davamlı bir gələcəyinin mümkün olmadığını vurğulayıb. O, Qərb ölkələrində artan İslamofobiya və mədəni irqçiliyin ciddi təhlükə yaratdığını və bu tendensiyanın qarşısının alınması üçün beynəlxalq səviyyədə tədbirlər görülməli olduğunu qeyd edib.
“Türkiyə hər cür təhdidləri mənbəyində aradan qaldırmaq imkanına malikdir”
Ərdoğan çıxışında bölgədə və dünyada sülh və sabitlik üçün Türkiyənin aktiv rol oynadığını bildirib. O, Suriyada və digər münaqişə bölgələrində etnik və dini təxribatların qarşısını almağa çalışdıqlarını və Türkiyənin hər cür təhlükəni mənbəyində zərərsizləşdirmək gücünə malik olduğunu vurğulayıb.
Aybəniz Səfərova
21:58 03.03.2025
Oxunuş sayı: 1809