Hökumə Əliyevaya həsr edilən “Səma mələyi” adlı kitabın təqdimatı olub


Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Adim Adıgözəlin 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysində qəza nəticəsində həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevaya həsr etdiyi “Səma mələyi” adlı kitabının təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, müəllif Adim Adıgözəl dayısı qızı Hökumə Əliyevanın adını əbədiləşdirmək üçün qəhrəman bələdçiyə, Milli Qəhrəmanımıza həsr olunan xatirələri, şeirləri “Səma mələyi” kitabında toplayıb. Hər xatirədə, şeirdə Hökumə xanımın qəhrəmanlığı canlanır. O, qəlblərdə yuva quran səma qızıdır, səma mələyidir. Azərbaycan xalqı qədirbilən xalqdır. Öz şəhidini, qəhrəmanını böyük sevgi ilə əzizləyir, onun adını uca tutur. Məlum hadisədən sonra onlarla şair Hökumə Əliyevaya şeirlər həsr etdi, göylər qızını misra-misra əzizlədi, onun qəhrəmanlığını, “Hər şey yaxşı olacaq!” sözünü milyon-milyon ürəyə həkk etdi.
Şairlər – Alməmməd Eldaroğlu, Qanun Ümman, Zeyqəm Vüqar, Tofiq Qəbul, Məftunə Nur Milli Qəhrəman Hökumə Əliyevaya həsr etdikləri şeirləri söyləyiblər.
Sonda müəllif “Səma mələyi” adlı kitabını kitabxanaya və tədbir iştirakçılarına hədiyyə edib.
22:59 28.02.2025
Oxunuş sayı: 980