CROSSMEDIA - "Azərbaycan- Pakistan münasibətləri tarixin sınağından keçib"- ŞƏRH
Gündəm

"Azərbaycan- Pakistan münasibətləri tarixin sınağından keçib" - ŞƏRH

Azərbaycan və Pakistan arasında möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda beynəlxalq arenada da özünü qabarıq şəkildə göstərir. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.

Prezident İlham Əliyevin fevralın 24-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə mətbuata birgə bəyanatları zamanı səsləndirdiyi fikirlər bu strateji əməkdaşlığın davamlılığını bir daha təsdiqləyir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Pakistan beynəlxalq münasibətlərin bütün sahələrində bir-birinə dəstəyi davam etdirəcək və qarşılıqlı əməkdaşlığını daha da möhkəmləndirəcək. Bu yanaşma, iki ölkə arasında dostluğun və qardaşlığın möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir.

Azərbaycan və Pakistan strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri barəsində Crossmedia.az-a danışan siyasi şərhçi  Kənan Novruzov söyləyib ki, Pakistan Baş nazirinin  Azərbaycana səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini bir daha nümayiş etdirən əlamətdar hadisədir: "Bu səfər Pakistan və Azərbaycanın bir-birinə sadiq tərəfdaşlar olduğunu və bu münasibətlərin uzun illər boyu tarixin sınağından uğurla keçdiyini bir daha sübut edir".

Həmçinin şərhçi qeyd edib ki, Azərbaycan və Pakistan daim bir-birinin yanında olub və bu əlaqələrin unikallığı onların dərin tarixi köklərə əsaslanmasıdır. "Rəsmi Bakı ilə İslamabad arasındakı münasibətlər təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda beynəlxalq platformalarda da davamlı əməkdaşlıq şəklində özünü göstərir. Hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatı (İƏT) başda olmaqla müxtəlif beynəlxalq qurumların üzvüdür və bu təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu cür əməkdaşlıq iki ölkənin strateji maraqlarının qorunmasına və qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir".

K.Novruzov vurğulayıb ki, Pakistan və Azərbaycan arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir: "Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və bu istiqamətdə siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq genişlənəcək. Xüsusilə müdafiə sənayesi sahəsində əlaqələrin dərinləşdirilməsi, ortaq layihələrin həyata keçirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq təkcə Azərbaycan və Pakistan üçün deyil, bütövlükdə regionun geosiyasi sabitliyi və təhlükəsizliyi baxımından da mühüm rol oynayacaq. İki qardaş ölkənin strateji tərəfdaşlığı, qarşılıqlı dəstəyə və ortaq maraqlara əsaslanan uzunmüddətli əlaqələr üçün mühüm zəmin yaradır".

Xumar Əhmədova

13:18 25.02.2025

Oxunuş sayı: 1237

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR