"Azərbaycanla Pakistan arasında strateji münasibətlər yeni mərhələyə daxil olub" - RƏY

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanda səfərdədir. O, Prezident İlham Əliyevlə görüşüb. Liderlər mətbuata birgə bəyanatla çıxış ediblər. Bu səfər Bakı ilə İslamabad arasında münasibətləri yenidən gündəmə gətirir.
Ş.Şərifin Azərbaycana səfəri və iki dövlət arasında əlaqələrin mövcud durumu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib: "Pakistan Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edən dövlətlərdəndir. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla bütün sahələrdə əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.
Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək üçün dövlətimizə təkliflər irəli sürüb. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir".
Müsahibimiiz qeyd edib ki, Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu münasibətlər eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir: "Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının açılması gözlənilir. nHər iki ölkə arasındakı münasibətlər hər zaman qarşılıqlı maraqlar çərçivəsində davam edib. Pakistanın Baş naziri Şahbaz Şərifin ötən gün Azərbaycana növbəti səfəri baş tutdu. O, sonuncu dəfə ötən ilin noyabrında COP29-da iştirak üçün Bakıda olub. Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri və orada xüsusi qarşılanması diqqət çəkmişdi. Hər iki ölkənin yüksəkrütbəli məmurlarının da zaman-zaman qarşılıqlı səfərləri baş tutur. Bütün bunlar Bakı və İslamabad arasında hərbi-siyasi əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. Ona görə də iki ölkə rəsmilərinin sıx dialoqu və dövlət başçılarının qarşılıqlı səfərləri müttəfiqlik strategiyasına uyğundur."
Parlamentarinin fikrincə, Ş. Şərifin indiki vəziyyətdə Azərbaycan səfəri, əlaqələrin inkişafını sürətləndirmək və enerji məsələlərində münasibətləri gücləndirmək məqsədi daşıyır: "Son zamanlar baş tutan qarşılıqlı səfərlər bir daha göstərirki, Azərbaycan və Pakistan hərbi sahədə də daha yaxın fazaya keçməyi qərarlaşdırıb. Əlaqələrin belə hər tərəfli inkişafı hər iki dövlətin xeyrinədir.”
Səbiyyə Zayirova
13:00 25.02.2025
Oxunuş sayı: 1273