Akademik Arif Paşayev: Azərbaycan elminin görkəmli nümayəndəsi

Bu gün Azərbaycan elminin və təhsilinin görkəmli simalarından biri, akademik Arif Paşayevin doğum günüdür. Arif Paşayev 15 fevral 1934-cü ildə Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. O, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki adını almış dünyaca məşhur azərbaycanlı alimdir. Akademik Paşayevin rəhbərliyi ilə həyata keçirilən elmi tədqiqatlar müasir elmin ən mühüm istiqamətlərindən birini təşkil edir.
O, dünyanın nüfuzlu elmi nəşrlərində dəfələrlə məqalələri dərc olunmuş, beynəlxalq səviyyədə tanınan alimlərdən biridir. Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. Həmin vaxtdan o geniş elmi fəaliyyətə başlamış, bir sıra qurğular yaratmışdır. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir. Akademik Arif Paşayevin elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir.
O, geniş elmi fəaliyyəti nəticəsində Azərbaycan SSR Dövlət mükafatı – 1991, “Şöhrət” ordeni - 14 fevral 2004, "Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi" - 14 dekabr 2005, “Şərəf” ordeni - 12 fevral 2009 və “İstiqlal” ordeni - 14 fevral 2014 mükafatlarına layiq görülmüşdür. Arif Paşayevin Azərbaycan elminin inkişafına verdiyi töhfələr əvəzsizdir. Onun uzun illər ərzində gördüyü işlər, elmi araşdırmaları və pedaqoji fəaliyyəti ölkəmizin intellektual potensialının güclənməsinə xidmət edir.
Ayhan Ağarzayev
14:21 15.02.2025
Oxunuş sayı: 13564