İsrailli əsir İsrail hökumətini tənqid etdi: “Məhbusların azadlığı üçün kifayət qədər çalışmadılar”
İsrail vətəndaşı olan və İsrail ilə Həmas arasında dördüncü məhbus mübadiləsi zamanı azadlığa buraxılan əsir Kit Siqel Qəzzada saxlanıldığı müddətdə ona göstərilən münasibətə görə Həmasın hərbi qanadı olan əl-Qəssam Briqadalarına təşəkkür edib.
Şimali Karolinadan olan, İsrail vətəndaşlığı daşıyan Siqel bazar günü əl-Qəssam Briqadalarına məktub göndərərək saxlanıldığı dövrdə bütün ehtiyaclarının qarşılandığına görə minnətdarlığını bildirib.
“O məni qoruyan döyüşçülər bu müddət ərzində bütün ehtiyaclarımın, o cümlədən yemək, içki, dərman, vitaminlər, göz müalicəsi, təzyiqölçən və digər vacib tələblərimin qarşılanmasına xüsusi diqqət yetirdilər”. – deyə Siqel qeyd edib.
O əlavə edib: “Uzun müddət özümü pis hiss etdiyimdə mənə həkim gətirdilər. Mühafizəçilər yemək və digər qida ilə bağlı tələblərimə cavab verdilər. Hətta sağlamlıq vəziyyətimə uyğun, yağsız və vegetarian yeməklər təmin etdilər”.
Siqel İsrail hökumətini məhbusların daha tez azad edilməsi və Qəzzadakı qanlı müharibənin bitməsi üçün kifayət qədər səy göstərmədiyinə görə tənqid edib.
“Ümid edirəm ki, sülh tezliklə bərqərar olacaq və bu müddət ərzində mənə göstərilən qayğıya görə döyüşçülərə təşəkkür edirəm”. – deyə o bildirib.
Siqel şənbə günü Fələstin müqavimət qüvvələri ilə İsrail arasında baş tutan dördüncü məhbus mübadiləsi çərçivəsində azad edilib.
Nihat Tahirov
00:55 03.02.2025
Oxunuş sayı: 234