ABŞ çəkilir - Suriyadakı boşluq hansı qüvvələri gücləndirəcək? - ŞƏRH
ABŞ Prezidenti Donald Trampın Suriyanın daxili məsələlərinə müdaxilə etməmək və Amerika qoşunlarını bu ölkədən çıxartmaq barədə qərar verəcəklərini açıqlaması Yaxın Şərqlə bağlı yeni müzakirələrə səbəb olub. Bu qərar, xüsusilə İsrail daxil olmaqla, ABŞ-nin müttəfiqləri arasında ciddi narahatlıq yaradıb. Uzun illərdir Suriyada hərbi varlığı ilə həm radikal terror qrupları ilə mübarizə aparan, həm də İran və Rusiya kimi güclərin təsirini məhdudlaşdırmağa çalışan Vaşinqtonun belə bir addımı regionda güc balansını dəyişdirə bilər.
Məsələ ilə bağlı müxtəlif mövqelər olsa da, ekspertlər ABŞ-nin bu addımının strateji nəticələrinin genişmiqyaslı olacağı qənaətindədirlər. Əsas diqqət mərkəzində İsrailin təhlükəsizlik narahatlıqları, PKK-PYD/YPG kimi qruplaşmaların gələcəyi və Türkiyənin regional mövqeyinin güclənməsi dayanır. Bundan başqa, İran və Rusiyanın Suriyada təsir dairəsini genişləndirmək cəhdlərinin nə dərəcədə uğurlu olacağı sual doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Prof. Dr. Mehmet Yüce bildirib ki, Trampın prezidentliyi ilə ABŞ-nin xarici siyasətində ciddi dəyişikliklər baş verdi. “Donald Trampın birinci prezidentlik dövründə həyata keçirmək istədiyi, lakin tam reallaşdıra bilmədiyi əsas siyasətlərdən biri ABŞ-nin Suriya ilə bağlı mövqeyi idi. Trampın ikinci prezidentlik dövründə Vaşinqtonun Suriyanın daxili məsələlərinə qarışmamalı olduğunu və Amerika qoşunlarının bu ölkədən çıxarılacağını bəyan etməsi, xüsusilə İsraili ciddi narahat edir”. – deyə o vurğulayıb.
Politoloq əlavə edib ki, ABŞ-nin Suriyadan çəkilməsi regionda mühüm güc balansını dəyişə bilər. “ABŞ-nin bölgədə olması, həm İranın, həm də digər radikal qrupların fəaliyyətini məhdudlaşdıraraq İsrail üçün təhlükəsizlik təminatı yaradırdı. Buna görə də ABŞ-nin çəkilməsi İsraili ciddi narahat edir. Digər tərəfdən, ABŞ-nin dəstəklədiyi və ciddi şəkildə silahlandırdığı PKK-PYD/YPG kimi qruplar bu qərardan sonra tək qalacaq və silahlarını buraxmaq məcburiyyətində qalacaq. Bu vəziyyət həm Türkiyənin, həm də Suriyanın ərazi bütövlüyünü qorumaq üçün mübarizəsini asanlaşdıracaq”. – deyə Yüce bildirib.
O qeyd edib ki, ABŞ-nin bölgədə əsas məqsədi əvvəllər İŞİD kimi radikal qruplaşmalarla mübarizə idi. “Hazırda Suriya ərazisində İŞİD və digər terror qruplarının fəaliyyəti xeyli zəifləyib və ABŞ-nin burada qalmasını tələb edən ciddi bir səbəb yoxdur. Bununla yanaşı, Suriyada oturuşmuş yeni hökumət həm daxili sabitliyi təmin edib, həm də İran və Rusiyanın təsirini azaldıb. Bu, İranı təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə zəif vəziyyətə salıb”. – deyə o əlavə edib.
Politoloqun fikrincə, ABŞ-nin çəkilməsi Türkiyənin rolunu gücləndirəcək. “Türkiyə, Suriya ilə dost münasibəti quraraq və çoxsaylı suriyalı qaçqına ev sahibliyi edərək regionda sabitlik təmin etmək üçün əsas oyunçulardan biridir. Bu vəziyyət həm Suriyanın sabitliyini təmin edəcək, həm də İranın bölgədəki genişlənmə siyasətini əngəlləyəcək”. – deyə Prof. Dr. Mehmet Yüce bildirib.
Maral Şahverdili
12:19 01.02.2025
Oxunuş sayı: 5320