BMT ilə birgə 142 milyon dollar həcmində layihələr icra edilib
- Son illərdə Azərbaycan BMT ilə birgə 142 milyon dollar həcmində layihələr icra edib.
- Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli yanvarın 31-də BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.
- S.Bəşirli qeyd edib ki, Azərbaycan 1992-ci ildən BMT ilə sıx əməkdaşlıq edir, qlobal təşəbbüslərə fəal dəstək verir. 2024-cü il isə bu münasibətlərdə yeni mərhələ açıldı – Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim gündəliyində əsas oyunçulardan biri olduğunu göstərdi.
- Azərbaycan dayanıqlı inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Ölkəmiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edərək, onları dövlət strategiyalarına inteqrasiya edib. 50-dən çox dövlət proqramı və strategiya DİM-lərlə uyğunlaşdırılıb, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycan BMT-nin Yüksək Səviyyəli Forumuna artıq 4-cü Könüllü Milli Hesabatını təqdim edib. Ölkəmiz yaşıl enerji, rəqəmsal iqtisadiyyat və innovasiyalara əsaslanan iqtisadi model qurmaq üçün strateji addımlar atır.
- O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyaları həyata keçirilir. Azərbaycanın 18-ci DİM kimi mina təhlükəsizliyinin tanınması təşəbbüsü isə dayanıqlı inkişafa yönəlmiş siyasətimizin bariz nümunəsidir. İcrası başa çatan 2021-2025-ci illər üçün Çərçivə Sənədi dörd əsas prioriteti əhatə edirdi: inklüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi. Son illərdə BMT ilə birlikdə 142 milyon ABŞ dolları həcmində layihələr icra edilib.
- “2024-cü il iqtisadi baxımdan da uğurlu olub. ÜDM 4,1 faiz, qeyri-neft sektoru 6,2 faiz artıb. Strateji valyuta ehtiyatlarımız 70 milyard dollardan çox olub. Xarici ticarət balansında müsbət saldo qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyası və bərpası prioritet olaraq qalır. Ağdam və Araz Vadisi Sənaye parkları artıq iqtisadi aktivliyə töhfə verməkdədir", - deyə nazir müavini əlavə edib. (azertac)
10:34 31.01.2025
Oxunuş sayı: 225