“Mercedes-Benz” mənfəət proqnozunu aşağı salıb
Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Çində tələbatın kəskin azalması, Yaxın Şərqdəki münaqişənin yaratdığı xərclər və əlavə maliyyə yükü səbəbindən bu il üçün mənfəət proqnozunu aşağı salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Şirkət minik avtomobilləri bölməsi üzrə düzəliş edilmiş əməliyyat mənfəəti marjası hədəfini əvvəlki 3-5 faizdən 2-3 faizə endirib. İllik mənfəətin isə 2025-ci ildəki 5,8 milyard avro səviyyəsində qalacağı gözlənilir.
Çin bazarında geriləmə
Çində daxili tələbatın azalması, elektrikli avtomobillərə subsidiyaların başa çatması və yerli istehsalçıların rəqabəti Alman avtomobil şirkətlərinə təzyiqi artırıb. “Mercedes-Benz”in Çinə tədarükləri ilin ilk doqquz ayında 29 faiz azalıb. Şirkətin minik avtomobillərinin qlobal satışları isə üçüncü rübdə 8 faiz geriləyib.
Analitiklər “Mercedes-Benz” və “BMW”nin Çin bazarından və daralan daxiliyanma mühərrikli avtomobillər seqmentindən asılılığının şirkətləri daha həssas etdiyini bildirirlər. “Porsche” Çindən asılılığını azaltmaqla mənfəətini artırdığı halda, “BMW”, “Volkswagen” və “Mercedes-Benz”in proqnozları aşağı salması Almaniya avtomobil sənayesində təzyiqlərin geniş yayıldığını göstərir.
Xərclər və elektrikli avtomobillər mənfəətə təsir edir
Yaxın Şərqdəki münaqişə ilə əlaqəli xammal xərclərinin artmasının dördüncü rübdə şirkətin maliyyə göstəricilərinə mənfi təsir edəcəyi gözlənilir. “Mercedes-Benz” dekabr ayında istehsaldan kənar vəzifələrdə çalışan əməkdaşları da əhatə edən yeni ixtisar proqramına başlayacağını təsdiqləyib.
Bundan başqa, üçüncü rübdə şirkətin satışlarının 25 faizini təşkil edən elektrikli və hibrid avtomobillərin istehsal xərclərinin yüksək, mənfəət marjalarının isə aşağı olması maliyyə göstəricilərinə təzyiq göstərib. Şirkət bu avtomobillər üzrə mənfəət marjasının digər modellərlə bərabərləşməsinin yalnız 2030-cu ildə mümkün olacağını proqnozlaşdırır.
Açıqlamadan sonra Frankfurt Fond Birjasında “Mercedes-Benz” səhmləri 4 faizdən çox ucuzlaşıb. Bu, son bir ayda səhmlərin ən kəskin gündəlik enişi olub.
04:00 28.10.2026
Oxunuş sayı: 65