Mutasiyaya uğramış virus ABŞ-də qrip mövsümünü tezləşdirib
ABŞ-də H1N1 qrip virusunun yeni mutasiyası səbəbindən qrip mövsümü gözləniləndən təxminən iki ay yarım əvvəl başlayıb. Yoluxmalar xüsusilə ölkənin qərb sahillərində sürətlə artır.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Vaşinqton ştatında ötən həftə qrip testi verən hər 10 nəfərdən təxminən birində virus aşkarlanıb. Mütəxəssislər qripin Asiyadan yayıldığını və yeni mutasiyanın virusun immunitetdən yayınma qabiliyyətini artırdığını bildirirlər.
G155E adlanan mutasiya bu il üçün qrip peyvəndlərinin tərkibi müəyyənləşdirildikdən sonra ortaya çıxıb. Buna görə peyvəndlər qorunma təmin etsə də, virusa yoluxma ehtimalı qalır. Oxşar vəziyyət Yaponiyada da müşahidə olunub və yoluxmaların artması bəzi məktəb və uşaq bağçalarının bağlanmasına səbəb olub.
Mütəxəssislər qripə qarşı peyvənd olunmağı gecikdirməməyi tövsiyə edirlər. Onların sözlərinə görə, peyvəndin təsirli qoruma yaratması üçün adətən iki-üç həftə vaxt tələb olunur.
05:40 28.10.2026
Oxunuş sayı: 54