CROSSMEDIA - "Rusiya Suriyadakı hərbi resurslarını qorumaq istəyir"
Yaxın Şərq

"Rusiya Suriyadakı hərbi resurslarını qorumaq istəyir"

Kreml Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyəti ilə əlaqələrini vacib hesab edir və bu istiqamətdə dialoqun davam etdiriləcəyini bildirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Suriya ilə daimi ünsiyyət qurmaq Moskva üçün prioritet məsələlərdən biridir.

Şübhəsiz ki, Rusiya rəsmilərinin Suriyaya səfəri geosiyasi baxımdan mühüm hadisələrdən biridir. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əziz Əlibəylinin sözlərinə görə, rusiyalıların bu səfərinin əsas məqsədi keçmiş mövqelərin müzakirəsi, Rusiyada qalmaq şərtlərinin yenidən nəzərdən keçirilməsi və bölgədəki imkanların təhlil edilməsidir.

Onun sözlərinə görə, Latakiya və Hümeymim bölgələrində Rusiyanın icarəyə götürdüyü liman və hərbi bazalar, eləcə də aviabazalar mövcuddur. Lakin yeni hökumət bu müqavilələri birtərəfli qaydada ləğv edib. Hazırda Rusiya nümayəndələrinin bölgəyə səfərinin əsas məqsədi bu imkanları yenidən dəyərləndirməkdir.

Əziz Əlibəyli qeyd edir ki, əgər Rusiya Aralıq dənizi bölgəsində mövcud olmazsa, bu, beynəlxalq münasibətlərə təsir edə bilər. Eyni zamanda, Rusiyanın bölgədən çəkilməsi Suriyadakı siyasi və hərbi vəziyyətə də ciddi təsir göstərə bilər. Mövcud şəraitdə əməkdaşlıq məsələsi də açıq sual olaraq qalır, çünki Rusiyanın bölgədə qalması üçün müəyyən mexanizmləri var.

Politoloqun fikrincə, Aralıq dənizi sahilində yerləşən bölgələr geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Rusiya isə Suriyadakı hərbi resurslarını qorumaq və Aralıq dənizindəki mövqeyini gücləndirmək üçün bu münasibətləri davam etdirməkdə maraqlıdır. Lakin indiki şəraitdə bu prosesin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyəndir.

Nihat Tahirov

19:15 29.01.2025

Oxunuş sayı: 1876

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR