"HƏMAS" İsrailin müttəfiqi ilə dialoq axtarışında: "Nəticəsi olmayacaq"
Fələstinin “HƏMAS” hərəkatı ABŞ hakimiyyəti
ilə dialoqa hazırdır. Bunu “Əl Ərəbiyyə” telekanalına “HƏMAS”ın siyasi
bürosunun rəsmisi bildirib: “ Biz ABŞ-la dialoqa hazırıq. “Tramp ciddi prezidentdir
və onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff olmasaydı, Qəzza
razılaşması əldə oluna bilməzdi. “HƏMAS” rəhbərliyinin mövqeyi ondan ibarətdir
ki, hərəkatımız İsraildən başqa bütün tərəflərlə dialoqa açıqdır”.
Fələstinin “HƏMAS” hərəkatının ABŞ hakimiyyəti ilə dialoqa hazır olması, Yaxın Şərqdəki mürəkkəb siyasi vəziyyətin daha da dərinləşdiyi bir dönəmdə beynəlxalq diqqəti cəlb edən əhəmiyyətli bir bəyanatdır. Hərəkatın bu mövqeyi bölgədə uzun müddətdir davam edən münaqişələrin həllinə yönəlmiş yeni bir yanaşma olaraq dəyərləndirilə bilər. Bununla yanaşı, bu addım regional və qlobal maraqların toqquşduğu bir arenada beynəlxalq ictimaiyyət üçün də yeni strateji imkanlar açır. ABŞ-nin bu çağırışa necə cavab verəcəyi isə münaqişənin gələcək inkişafını müəyyən edəcək əsas faktorlardan olacaq.
"HƏMAS"-ın ABŞ ilə dialoqa can atmasının əsas səbəbi ilə bağlı politoloq Əlimusa İbrahimov Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, “HƏMA”S-ın ABŞ ilə
dialoq qurmağa can atması, İsraillə əldə olunan razılaşmanın onların istəklərini
tam əhatə etməməsi ilə bağlıdır: “Onlar düşünürlər ki, ABŞ ilə dialoq
aparılarsa, fərqli nəticələr əldə oluna bilər. Lakin, Vaşinqtonun Təl- Əvivlə birlikdə
qərar qəbul etməyə dair yetərincə məlumatları olmasına baxmayaraq, “HƏMAS”-ın rəhbərliyi
hələ də möcüzəyə ümid edir. ABŞ “HƏMAS”-la danışıqlara başlamağa razı olsa belə,
onun mövqeyi İsrailin mövqeyindən heç də fərqlənməyəcək”.
Analitikin sözlərinə görə, mümkün “HƏMAS”
ABŞ dialoqunun nəticə verəcəyinə dair ümidlər azdır: “Çünki İsrailin istədiyi şərtlər
daxilində artıq atəşkəs əldə olunub və sülh danışıqları istiqamətində proses ləng
də olsa irəliləyir. Tramp administrasiyası hakimiyyətə başlamadan həm İsrail, həm
də HƏMAS-ı danışıqlara başlamağa razı sala bildi. Belə olan halda “HƏMAS”-ın təklifini
Donald Trampın qəbul edəcəyi gözlənilmir. Digər tərəfdən, “HƏMAS” ABŞ-ı
danışıqlar prosesinə cəlb etməklə fərqli gündəliklər ortaya qoymağa cəhd edə
bilər. Bunu nə Vaşinqton, nə də Təl- Əviv qəbul edəcək. Düşünürəm ki, həm
İsrail, həm də ABŞ əldə olunan razılaşmalar çərçivəsində addım atacaqlar”.
Fidan Hacızadə
15:15 27.01.2025
Oxunuş sayı: 2108