CROSSMEDIA - Tehran üçün təhlükəli proses başlayır -ŞƏRH
Yaxın Şərq

Tehran üçün təhlükəli proses başlayır - ŞƏRH

İkinci dəfə ABŞ prezidenti seçilməsi ilə dünyadakı siyasi prosesləri dəyişmək istəyən Donald Tramp, açıqlamaları ilə yürüdəcəyi siyasətin istiqamətini bir neçə dəfə vurğulayıb. O, son açıqlamasında “Sanksiyaları İrana qarşı istifadə edəcəm, Rusiyaya qarşı tariflər daha yaxşıdır” - deyə qeyd edib. D.Trampın sanksiya siyasəti necə olacaq? Tətbiq edilən sanksiyalar İrana necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az saytına açıqlama verib:

“ABŞ-nin yeni prezidenti D.Trampın son açıqlamalarından belə anlaşılır ki, Ağ evin xarici siyasətində sərtləşmə və radikallaşma meyilləri ön plana çıxacaq. Bu sərtləşmə və radikallaşmanın əsas hədəflərindən biri də, İran İslam Respublikasıdır. Çünki prezident Trampın İranla bağlı açıqlamalarında olduqca sərt məqamlar mövcuddur. Eyni zamanda Tramp administrasiyasına daxil olan bəzi şəxslər də İranı hədəf alan açıqlamalar verirlər. Sonuncu açıqlamada bildirilib ki, “İran zəifləyib və ABŞ bundan istifadə etməyə çalışacaq”. Bu da onu göstərir ki, Tramp administrasiyasının İranla bağlı bəzi planları mövcuddur. Bu planların sırasına təbii ki, İrana qarşı sanksiyaların tətbiq olunması və mövcud sanksiyaların daha da ağırlaşdırılması daxildir”.

Politoloq sanksiyaların İrana necə təsir göstərəcəyindən danışıb:

“Sanksiyalar İrana çox neqativ təsir göstərəcək. Çünki İran hazırda dünyadan təcrid olunmuş vəziyyətdədir. Suriyada da məğlub oldu, Yaxın Şərqdəki proksiləri də demək olar ki, sıradan çıxarılıb. Belə vəziyyətdə İrana növbəti sanksiyaların tətbiq olunması bu dövlətin gələcək taleyi ilə bağlı ciddi problemlər yarada bilər. ABŞ prezidenti D.Trampın da hakimiyyətə gələr-gəlməz İranı hədəf alması rəsmi Tehran üçün olduqca təhlükəli bir prosesin başlamasından xəbər verən əlamət sayıla bilər”.

Ayhan Ağarzayev 

20:10 21.01.2025

Oxunuş sayı: 1267

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR