Yaxın Şərq

Türkiyə sərhədə qoşun yığır: Antiterror əməliyyatları başlaya bilər- Polkovnik açıqladı

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.

Türkiyə mətbuatının verdiyi məlumata əsasən, Suriyanın Ayn Əl Arap (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.

Bildirilib ki, Şanlıurfanın Aligör məhəlləsindən keçən hərbi konvoyun bir hissəsi Suriya sərhədinə çatıb.

Məlum olduğu kimi, Bəşər Əsəd rejimin süqutundan sonra Suriyada yeni reallıq yaranıb. Bu reallıq Türkiyənin terrorla mübarizəsini gücləndirməyə və öz təhlükəsizliyini təmin etməyə şərait yaradır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər indiyədək bir neçə dəfə terrorçulara səslənərək, silahı yerə qoymaları ilə bağlı çağırış edib. Rəsmi Ankara çox desə də, terrorçular az eşidir. Bu, alternativ variantı, Türkiyənin antiterror əməliyyatına başlamasını istisna etmir.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ilk gündən etibarən Türkiyə Suriyanın yeni hakimiyyətinə dəstək verərək, səmimiyyət və qardaşlıq nümayiş etdirdi: “Əlbəttə, yeni hökumətin ilk addımlarında Türkiyə kimi etibarlı bir qardaş ölkə onların yanında olmasaydı, Suriyada indiyə qədər müxtəlif qüvvələr arasında qarşıdurmalar davam edərdi. Əsas məsələ odur ki, Türkiyənin bu səmimiyyətini Suriyada yaşayan yerli insanlar qəbul edir və buna müsbət yanaşırlar. Türkiyə üçün Suriyada bütün qapılar açıqdır Bu, Türkiyənin qazandığı nüfuzdan xəbər verir. Türkiyənin və yeni Suriya hökumətinin nə qədər təhlükə altında olduğunu başa düşməmək mümkün deyil. Hazırda Suriya ordusu zəifdir. Ordu, demək olar, yoxdur. Belə bir vəziyyətdə Türkiyənin Suriyanın yanında olması həm suriyalıları, həm də Suriya hökumətini qoruyur. PKK, YPG kimi terror təşkilatları hələ də silahlarını yerə qoymurlar. Suriya ordusu isə bu terrorçuluqla mübarizədə kifayət qədər zəifdir. Belə bir vəziyyətdə Türkiyə dəstəyini əsirgəmir. Türkiyə  PKK-YPG terrorçularına qarşı Suriyaya dəstək göstərərək çox ciddi xəbərdarlıq edib. Türkiyə məsələyə prinsipial yanaşır: ya terror təşkilatları silahlarını yerə qoyacaq, ya da Türkiyə onları məhv edəcək. Uzun illərdir bu terror təşkilatlarının Suriya sərhədində Türkiyənin təhlükəsizliyinə maneə yaradan əsas amil olduğunu nəzərə alsaq, hazırkı vəziyyətdə Suriyanın yeni hökumətinin razılığı ilə, bəlkə də, müraciəti əsasında, Ankaranın məsuliyyəti öz üzərinə götürməsi istisna edilmir”.


Ekspertin fikrincə, Türkiyə ciddi xəbərdarlıqlardan sonra terror qrupları ilə mübarizə məqsədilə Suriya sərhədinə ağır texnika və döyüş gücləri göndərib: “Bu, Türkiyənin məsələyə nə qədər ciddi yanaşdığını göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi,  sona qədər gediləcək. Bu sözün arxasında Türkiyənin qüvvələrini Suriya sərhədinə yaxın yerləşdirməsi dayanır. Eyni zamanda, bu, həm də güc nümayişidir və silahlarını yerə qoyması üçün  terrorçulara təzyiqdir. Terrorçular Suriya hakimiyyətinə tabe olmalıdırlar. Əgər terrorçular yerli, yəni Suriya hakimiyyətinə tabe olmayaraq öz terror fəaliyyətlərini davam etdirmək niyyətində olsalar, Türkiyə bu məsələni sona çatdıracaq və terrorçuları tamamilə məhv edəcək. Bu, həm Suriyanın təhlükəsizliyi istiqamətində atılan vacib bir addım, həm də Türkiyənin Suriya sərhədində gələcəkdə terror fəaliyyəti üçün yaranan təhlükələrin sonlandırılması kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, prosesləri qısqanclıqla qarşılayan, reallıqları qəbul etmək istəməyən, Suriyada yenidən qarşıdurmaların alovlanmasında maraqlı olan qüvvələr Türkiyənin bu addımlarını qəbul etmək istəmir. Belə bir vəziyyətdə Moskva və Dəməşqin, həmçinin Suriyanın hazırkı vəziyyətinin xarici təzyiqlər qarşısında Türkiyənin dəstəyi olmadan irəliləyə biləcəyini düşünmək çətindir”.

Ş. Ramaldanovun sözlərinə görə, Türkiyə olmasa, Suriyada daxili proseslər gərginlik istiqamətində inkişaf edə bilərdi: “ Suriyada iki əsas güc mərkəzi var. Birincisi Türkiyə, ikincisi isə ABŞ-dır. Düşünürəm ki, Türkiyənin bu addımları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə müəyyən məsələlərdə razılaşmanın olmaması və Trampın Türkiyə Prezidenti haqqında Suriya məsələsi fonunda müsbət fikirlər səsləndirməsi göstərir ki, Türkiyənin Suriyada bu proseslərə yardım edərək təhlükəsizlik məsələlərini təmin etməsi ABŞ üçün qəbulolunan amildir. Türkiyə ABŞ-la birgə NATO blokunun üzvüdür. Belə bir vəziyyətdə NATO-ya daxil olan ölkənin nümayəndələrinin Suriyada təhlükəsizliyin təmin edilməsində iştirakı müsbət qiymətləndirilir. Ddüşünürəm ki, Türkiyə Suriyanın gələcək inkişafında və təhlükəsizliyində mühüm rol oynayacaq. Türkiyə qonşusu Suriyaya ən çətin günlərdə, xüsusən də təhlükəsizlik məsələlərində yardım edərək, Suriyanın inkişafında, gələcəyində və demokratik əsasların qurulmasında özünəməxsus töhfə verə bilər. Türkiyənin bu rolu Yaxın Şərqdə sabitliyin, sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş addımlar kimi qiymətləndirilməlidir”.


Fidan Hacızadə

15:31 20.01.2025

Oxunuş sayı: 1222

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR