20 Yanvar faciəsinin 35-ci ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə anıldı - FOTOLAR
20 Yanvar 2025, Bakı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olan 1990-cı ilin qanlı 20 Yanvar gecəsi, faciənin 35-ci ildönümü münasibətilə Bakı metropolitenində xüsusi anım tədbirləri təşkil olunub.
Crossmedia.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bu əlamətdar günü daha təsirli şəkildə yad etmək üçün “20 Yanvar” stansiyasında geniş hazırlıqlar həyata keçirib. Gecə saatlarından başlayaraq səhərə qədər aparılan işlər nəticəsində stansiya müvafiq tərtibatla bəzədilib.
Stansiyanın platformasındakı sütunlara qərənfillərdən ibarət çələnglər düzülüb, əsas vestibüldə isə “20 Yanvar. Unutmadıq, unutmayacağıq” ifadələrini əks etdirən xüsusi bir kompozisiya yerləşdirilib. Şəhidlərin əziz xatirəsinə hörmət olaraq, günorta saatlarına qədər platformada hər iki istiqamət boyu metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzülüb.
Stansiyanın hər iki vestibülündə 1990-cı ilin 20 Yanvar gecəsinin və 1994-cü ilin 19 mart terror qurbanlarının adlarının yazıldığı xatirə lövhələrinə də qərənfillərdən ibarət çələnglər qoyulub.
Bütün metropoliten ərazisində vətənpərvərlik ruhunda musiqilər və marşlar səsləndirilib. Həmçinin bu günə məxsus olaraq, qatarların stansiya elanları ənənəvi olaraq radioinformator vasitəsilə deyil, birbaşa maşinistlər tərəfindən səsləndirilib.
“20 Yanvar” stansiyasında keçirilən tədbirlər xalqımızın azadlıq mübarizəsinin bu şanlı tarixini yad etmək və gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Emil Nağızadə
07:29 20.01.2025
Oxunuş sayı: 1320