Gündəm

Azərbaycan-Türkiyə əlaqələri regionun sabitliyinə və inkişafına mühüm töhfə verir

Azərbaycan və qardaş Türkiyə arasında 30 ildir qurulan möhkəm münasibətlər iki ölkənin birgə keçdiyi uzun və uğurlu yolun göstəricisidir. Bu əlaqələr sıradan qonşuluq münasibətləri ilə məhdudlaşmır, əksinə, əsl qardaşlıq münasibətləri üzərində qurulub. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə Azərbaycan və Türkiyə hər zaman bir mövqedən çıxış edərək, həm regional, həm də beynəlxalq səviyyədə güclü əməkdaşlıq nümayiş etdiriblər. Məhz bu birgə addımlar sayəsində hər iki ölkə nəinki regionun hətta dünyanın mühüm güc mərkəzlərinə çevrilib.

İqtisadi əlaqələr də iki ölkə arasında qardaşlıq münasibətlərinin ən önəmli sahələrindən biridir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin iqtisadi layihələrində mühüm rol oynayır. TANAP və TAP kimi enerji layihələri Azərbaycan qazının Avropa bazarına çıxışını təmin edərək hər iki ölkənin beynəlxalq nüfuzunu artırıb. Eyni zamanda qarşılıqlı investisiyalar, birgə biznes forumları və yeni iqtisadi layihələr münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verir.

Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlər də  iki ölkənin strateji tərəfdaşlığının və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu təlimlər hər iki ordunun peşəkarlığını artırmaq, müasir hərbi texnologiyaların tətbiqini genişləndirmək və qarşılıqlı koordinasiya bacarıqlarını gücləndirmək məqsədi daşıyır. "Qardaş Yumruğu" və "TurAz Qartalı" kimi xüsusi adlarla keçirilən təlimlər, təkcə iki ölkənin müdafiə qabiliyyətini artırmaqla kifayətlənmir, həm də regionda sabitlik və təhlükəsizliyə mühüm töhfə verir. Bu əməkdaşlıq, həm qlobal səviyyədə birgə güc nümayişi, həm də Azərbaycan və Türkiyənin qarşılıqlı maraqlarını qorumaq baxımından strateji əhəmiyyət daşıyır.

Ceyhun Bayramov və Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib   YENİLƏNİB

Son illərdə keçirilən yüksək səviyyəli görüşlər və dövlət rəsmilərinin qarşılıqlı səfərləri isə əməkdaşlığın yalnız mövcud sahələrdə deyil, yeni istiqamətlərdə də genişləndirilməsinə xidmət edir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirəsi gözlənilir. Bu kimi təşəbbüslər iki ölkənin regional güc mərkəzi olaraq daha da möhkəmlənməsinə imkan yaradacaq.

Azərbaycan və Türkiyə arasındakı əlaqələr təkcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyinə və inkişafına mühüm töhfə verir. Bu münasibətlər qardaşlıq, qarşılıqlı etimad və birgə maraqlara əsaslanır. Gələcəkdə də Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" şüarı altında bütün sahələrdə əməkdaşlığı daha da gücləndirərək, ortaq məqsədlərə doğru irəliləyəcəyi qətiyyətlə gözlənilir. Bu əlaqələr yalnız indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də bir örnək və qürur mənbəyi olacaq.

Ayhan Ağarzayev

09:34 18.01.2025

Oxunuş sayı: 2188

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR