Avropa

Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarında mühüm platforma ola bilər

Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkənin deyil, dünya miqyasında bir çox dövlətlərin təhlükəsizlik və siyasi maraqlarını da təhdid edir. Bu səbəbdən, münaqişənin həlli və sülhün bərpası üçün bir sıra beynəlxalq güclər və təşkilatlar səy göstərirlər. Son dövrlərdə isə bu münaqişənin sona çatdırılması məsələsi daha da aktuallaşıb. Xüsusilə, ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi, Rusiya və Ukrayna arasındakı gərginliyin azaldılması istiqamətində yeni bir ümid yaradıb. Trampın sülh sazişi təklifləri və diplomatik təşəbbüsləri, bir tərəfdən bölgənin sabitliyini təmin etmək, digər tərəfdən isə onun siyasi və iqtisadi maraqlarını qorumaq məqsədi güdür.

Bu günə qədər İstanbulda təşkil olunan sülh görüşləri və Türkiyənin bu prosesdəki rolu, onun tərəflər arasında sülh danışığı üçün mühüm bir paltformaya çevrildiyini göstərir.

Bir çox siyasətçilər də Türkiyənin Rusiya və Ukrayna arasındakı müharibənin həllindəki rolunu xüsusi vurğulayırlar. Onlar Türkiyənin həm Qərb, həm də Şərq arasında güvənilən bir vasitəçi olmasının, münaqişənin sonlandırılması və sülhün bərpası üçün əhəmiyyətli bir qüvvə olduğunu qeyd edirlər. Türkiyənin bu prosesdəki strateji mövqeyi və balanslı yanaşması, onu beynəlxalq diplomatiyada önəmli bir aktora çevirir.

Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Crossmedia.az-la fikirlərini bölüşüb:

"Trampın hakimiyyətə gəlməsi Rusiya ilə Ukrayna arasında 3 ildən artıqdır davam edən müharibədə sülh sazişinin imzalanacağına dair gözləntiləri artırıb. Əvvəllər sülh masası adlandırılan, Rusiya və Ukrayna rəsmilərini İstanbulda bir araya gətirən Türkiyənin bu baxımdan bir çox üstünlükləri var. Çünki bu proses zamanı Türkiyə Qara dənizdəki qonşuları olan Ukrayna və Rusiya məsələsinə eyni məsafədən yanaşıb. Rusiya və Ukrayna zaman-zaman Türkiyədən gözləntilərini göz önünə gətirərək, onların tərəflərinə daha yaxın durmalı olduğunu bildirərək Türkiyəni tənqid edirdilər".

Politoloq İstanbul sülh masasının Rusiya-Ukrayna məsələsində sülhə ən yaxın olan müzakirə mərkəzi kimi diqqət çəkdiyini söyləyib:

"Türkiyənin NATO ölkəsi olması, Rusiya ilə yaxşı münasibətlərə malik olması, Şərqlə Qərb arasında körpü rolunu oynaması Türkiyənin mövqeyinin ümumi qəbul olunması üçün son dərəcə əhəmiyyətlidir. Çox güman ki, Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişini hansısa səviyyəyə çatdırmaqda Türkiyədən böyük gözləntilərə malikdir.
Trampın seçki kampaniyası zamanı Ukraynada dərhal sülhün bərqərar olacağı vədi ilk vaxtlar o qədər də ciddi qəbul edilməyib. Çünki Trampın seçilmək şansı zəif görünürdü. Lakin seçildikdən sonra məşğul olduğu məsələləri nəzərə alsaq, görərik ki, Panama kanalı məsələsi, İsrail-Yaxın Şərq məsələsi və problemləri Trampı çox narahat edəcək. Ona görə də Trampın bu nöqtədə Türkiyə kimi Qərb ölkəsi ilə birgə hərəkət etməsi olduqca normaldır.  Türkiyə bu prosesi yaxından izlədiyi üçün nəticə əldə etmək şansı ən yüksək olan ölkədir".

Hasan Oktay sonda Türkiyənin həm Ukraynanın, həm də Rusiyanın etibar etdiyi bir ölkə olaraq sülh prosesində təşəbbüs göstərə biləcəyini də vurğulayıb.

Banuçiçək Kalbalıyeva 

17:00 14.01.2025

Oxunuş sayı: 6634

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR