Hindistanın Goa əyalətində gecə klubunda yanğın: 25 nəfər həyatını itirib
Hindistanın Goa sahil bölgəsində məşhur Birch gecə klubunda baş verən güclü yanğın nəticəsində 25 nəfər - turistlər və personal üzvləri - həyatını itirib.
Crossmedia.az "BBC"-ə istinadən xəbər verir ki, ilkin olaraq qaz balonunun partlaması ehtimal edilsə də, əyalət rəhbərliyi yanğının daxili fişənglərdən qaynaqlandığını açıqlayıb. Hadisə zamanı klubun dörd ziyarətçisi və 21 əməkdaş ölüb, dörd nəfər saxlanılıb, klub sahibinin həbsi üçün order verilib.
Rəsmilərin sözlərinə görə, ölən işçilərin 20-si Hindistanın müxtəlif ştatlarından, biri isə Nepaldandır. Yanğının genişlənməsi və klubun dar keçidli giriş yolu yanğınsöndürənlərin işini çətinləşdirib. Goa rəhbəri Pramod Sawant bildirib ki, üç nəfər yanıq səbəbindən, digər şəxslər isə boğulmadan vəfat edib. Altı yaralının vəziyyəti stabildir.
Hadisə ilə bağlı araşdırma başladılıb və nəticələrin bir həftə ərzində açıqlanacağı bildirilib. Hindistanın Baş naziri Narendra Modi faciəni “son dərəcə kədərli” adlandırıb. Mütəxəssislər və müxalifət siyasətçiləri isə ölkədə əyləncə məkanlarında təhlükəsizlik tələblərinin sərtləşdirilməsinin vacibliyini vurğulayıblar. Hindistanda son illərdə oxşar yanğınların tez-tez baş verməsi bu istiqamətdə ciddi narahatlıq yaradıb.
Türkan Kərimli
22:50 07.12.2025
Oxunuş sayı: 1381