Putindən ABŞ-yə təklif: İqtisadi əlaqələri bərpa edək
Rusiya Prezidenti Vladimir Putinin “Rusiya–ABŞ iqtisadi əlaqələrinin bərpası qarşılıqlı fayda verəcək” bəyanatı qlobal gərginliyin, ən əsası isə Ukrayna müharibəsinin davam etdiyi bir məqamda diqqət mərkəzinə çevrilib. Müharibə iqtisadiyyatına keçmiş, resurslarını əsasən hərbi sənayeyə yönəltmiş Rusiya üçün ABŞ-la əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi dividentlər anlamına gəlir.
Bu fonda əsas suallar ortaya çıxır: Vaşinqton bu əməkdaşlıqdan konkret nə qazana bilər? ABŞ üçün sanksiya altında olan və qlobal maliyyə sistemindən qismən təcrid edilmiş Rusiya ilə tərəfdaşlıq nə dərəcədə real və faydalıdır?
Digər tərəfdən, Moskva ABŞ-la iqtisadi xəttin açılmasında nəyə ümid edir? Rusiya üçün bu əməkdaşlığın potensial iqtisadi üstünlükləri, enerji bazarlarına çıxış imkanları və maliyyə yükünün yüngülləşməsi hansı çərçivədə dəyərləndirilə bilər.
Mövzu ilə bağlı iqtisadçı Aqil Eyvazov Crossmedia.az-a açıqlama verib:

"Rusiya–ABŞ iqtisadi əlaqələrinin bərpası nəzəri baxımdan hər iki tərəf üçün faydalı ola bilər, çünki iki ölkə tamamlayıcı iqtisadi strukturlara malikdir. Lakin praktiki səviyyədə bu perspektiv çox məhduddur. ABŞ üçün belə əməkdaşlığın əsas qazancı qlobal enerji və xammal bazarlarında sabitliyin bərpası, inflyasiya təzyiqlərinin azalması ola bilər. Bununla yanaşı, ABŞ müharibə aparan və iqtisadiyyatı hərbiləşmiş bir ölkə ilə genişmiqyaslı tərəfdaşlığa getməyin siyasi risklərini nəzərə alacaq.
Rusiya isə belə əməkdaşlıqdan daha çox qazanar: texnologiya transferinə çıxış, maliyyə və investisiya kanallarının açılması, sanksiya təzyiqlərinin yumşalması və iqtisadi diversifikasiya imkanları. Hazırkı şəraitdə Moskva üçün bu, əsasən iqtisadi nəfəsalma imkanı kimi qiymətləndirilə bilər".
Ayhan
19:19 05.12.2025
Oxunuş sayı: 1885