İsrail və HƏMAS sülh razılaşmasına yaxınlaşır
Həm Co Bayden, həm də Donald Trampın nümayəndələrinin iştirak etdiyi danışıqlarda, gecə yarısı əldə edilən irəliləyişdən sonra vasitəçilər bazar ertəsi İsrail və HƏMAS-a Qəzzadakı müharibəni dayandırmaq üçün razılaşma layihəsi təqdim ediblər.
Bir rəsminin verdiyi məlumata görə, atəşkəs və girovların azad olunmasını nəzərdə tutan bu mətn Qətər vasitəsilə İsrailin Mossad və Şin Bet agentliklərinin rəhbərlərinə, həmçinin Qətərin baş nazirinə Dohada keçirilən danışıqlar zamanı təqdim edilib.
Rəsmi əlavə edib ki, danışıqlarda ABŞ-ın xüsusi nümayəndəsi olacaq Stiv Vitkoff da iştirak edib. Onun yanında Bayden administrasiyasının keçmiş nümayəndəsi Brett Mak Qörkün də olduğu bildirilib.
Rəsmi mənbə deyib ki, növbəti 24 saat razılığa gəlmək üçün həlledici olacaq. O, layihəni danışıqlarda əldə olunan əhəmiyyətli irəliləyişin nəticəsi kimi xarakterizə edib.
İsrailin Kan radiosunun xəbərinə görə, Qətərdəki İsrail və HƏMAS nümayəndələri layihəni qəbul ediblər. İsrail nümayəndələri ölkələrinə qayıdaraq liderləri məlumatlandırıblar. Lakin İsrail, HƏMAS və Qətər Xarici İşlər Nazirliyi bu barədə açıqlama verməyib.
Yüksək rütbəli bir İsrail rəsmisi bildirib ki, HƏMAS təklifi qəbul edərsə, bir neçə gün ərzində razılaşma əldə oluna bilər. Danışıqlara yaxın bir fələstinli rəsmi isə Dohadan gələn məlumatların çox ümidverici olduğunu və tərəflər arasındakı fərqlərin azaldığını deyib.
ABŞ, Qətər və Misir, Qəzzadakı müharibəni dayandırmaq üçün bir ildən çoxdur danışıqlar aparır, lakin indiyə qədər nəticə əldə olunmayıb.
Hər iki tərəf, HƏMAS-ın girov saxladığı insanların və İsrailin həbs etdiyi fələstinli məhbusların azad edilməsi müqabilində döyüşlərin dayandırılması ilə bağlı razılığa gəliblər. Lakin HƏMAS bunun müharibənin tamamilə sona çatması və İsrailin Qəzzadan çıxması ilə nəticələnməli olduğunu bildirir. İsrail isə HƏMAS tamamilə ləğv edilməyincə müharibəni dayandırmaq niyyətində olmadığını açıqlayıb.
Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimi artıq regionda son tarix kimi qəbul edilir. Tramp bəyan edib ki, girovlar onun prezidentliyə başlamasından əvvəl azad edilməsə, ciddi nəticələr olacaq. Gedən prezident Bayden də öz vəzifəsi bitməmiş razılıq əldə etmək üçün bütün səylərini göstərir.
Danışıqlar bazar ertəsi səhərə qədər davam edib. Vitkoff, Dohadakı İsrail nümayəndələrini, Qətərin baş naziri isə HƏMAS rəsmilərini razılaşmaya son nöqtəni qoymağa inandırmağa çalışıb.
Misirin Baş Kəşfiyyat İdarəsinin rəhbəri də Dohada danışıqlara qatılıb. Vitkoff noyabr ayından bəri Qətərə və İsrailə bir neçə dəfə səfər edib. O, şənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb, daha sonra Dohaya qayıdıb.
Bayden, bazar günü Netanyahu ilə telefon danışığı zamanı Qəzzada atəşkəsin və girovların azad edilməsinin təcili olduğunu vurğulayıb. O, razılaşma çərçivəsində humanitar yardımın artırılmasının zəruri olduğunu qeyd edib.
İsrailin məlumatına görə, 2023-cü ilin oktyabrında HƏMAS döyüşçülərinin hücumunda 1200 nəfər öldürülüb və 250-dən çox insan girov götürülüb. Bu hadisədən sonra İsrail Qəzzaya genişmiqyaslı hücum başlatıb.
Fələstin səhiyyə rəsmiləri bildiriblər ki, həmin vaxtdan bəri Qəzzada 46 mindən çox insan həlak olub, bölgənin böyük hissəsi dağıdılıb və əhalinin çoxu köçkün vəziyyətinə düşüb.
İsrailin maliyyə naziri Bezalel Smotriç isə razılaşma təkliflərini kəskin tənqid edərək, onları İsrailin milli təhlükəsizliyi üçün fəlakət adlandırıb.
Bazar ertəsi də döyüşlər davam edib. İsrailin hücumlarında ən azı 21 nəfər ölüb. Həkimlər bildiriblər ki, Qəzza şəhərində bir məktəbə endirilən zərbə nəticəsində beş nəfər həlak olub.
Son aylarda döyüşlər Qəzzanın şimalında xüsusilə intensiv olub. İsrail HƏMAS-ın yenidən güclənməsinin qarşısını almağa çalışdığını, fələstinlilər isə İsraili bölgədəki əhalini daimi olaraq çıxarmaq istəyində ittiham edir.
HƏMAS-ın silahlı qanadının sözçüsü Əbu Ubaida bildirib ki, son üç gün ərzində HƏMAS döyüşçüləri İsrail qüvvələrinə hücum edib, azı 10 əsgər öldürülüb, onlarla əsgər yaralanıb. İsrail isə şənbə günü dörd əsgərinin öldüyünü təsdiqləyib.
Gülay Qəribova
05:00 14.01.2025
Oxunuş sayı: 4337