Siyasi

Prezident İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı qəti mövqe: Dəhliz açılacaq

Vətən müharibəsində əldə edilən Zəfərin perspektivli nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Əslində istər Vətən müharibəsində əldə edilən Zəfər, istərsə də Zəngəzur dəhlizi, hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş strategiya çərçivəsində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsi idi. Bir tərəfdən ölkənin iqtisadi qüdrəti artırılır, ordu quruculuğu sahəsində ardıcıl addımlar atılır, digər tərəfdən isə xarici ölkələrdə Azərbaycan həqiqətləri təbliğ edilir, dünya ictimaiyyəti Ermənistanın işğalçı hərəkətləri, işğal edilmiş Azərbaycan ərazilərində baş verən erməni vandalizmi haqqında ardıcıl şəkildə məlumatlandırılır. Dövlətimizin uzunmüddətli və çoxsaylı cəhdlərinə, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və bəyanatlara baxmayaraq, Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi, mülki azərbaycanlıları hədəf seçməsi Azərbaycanı cavab tədbiri görməyə məcbur etdi. 27 sentyabr 2020-ci il tarixində erməni təxribatına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan həm öz tarixi torpaqlarını düşməndən azad etdi, həm də Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli razılaşmasında kommunikasiyaların inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindi.  Hələlik “Zəngəzur dəhlizinə” Ermənistan qısqanclıqla yanaşsa da, bu, Azərbaycan ilə yanaşı region dövlətlərinin, eləcə də Avropanın, dünyanın marağında olan bir layihədir və yaxın gələcəkdə reallaşması qaçılmazdır.    

Zəngəzur dəhlizi, əksər region dövlətləri üçün uzunmüddətli perspektivlər vəd etməklə yanaşı, Azərbaycanın da tranzit imkanlarını genişləndirəcəkdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya edəcək Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşınmalar üçün ən cəlbedici marşrutlardan biri kimi diqqəti cəlb edir. Çindən Avropaya və əksinə daşınmaların ən qısa marşrutunu təmin edən Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri də türk ölkələri arasında əlaqələrin genişlənməsi imkanları ilə bağlıdır. 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk ölkələrini strateji və iqtisadi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi həm dəmir, həm də avtomobil yolları ilə, Naxçıvandan keçməklə, Türkiyəyə qədər uzanacaq. Gündəmin əsas mövzusu olan Zəngəzur dəhlizinin nəqliyyat, kommunikasiya, infrastruktur layihələri nəinki bütün türk dünyasını birləşdirəcək, həmçinin bu dəhlizin açılması Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcəkdir. Dövlət başçısının “Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik” kimi qətiyyətli fikirləri bir daha təsdiq edir ki, ZƏNGƏZUR DƏHLİZİ REALLIQDIR.

Müzəffər Ali Baş Komandanın “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur” ifadələri də ölkəmizin sülhpərvərliyini, sülh şəraitində yaşamağa üstünlük verdiyini bir daha ifadə etməklə, həm də Zəngəzur dəhlizi ideyasında dönməzliyini açıq şəkildə bəyan edir. Bu isə o deməkdir ki, heç bir kənar təsir, Ermənistanın vaxt qazanmaq üçün yersiz bəhanələri, davamlı şəkildə xarici havadarlarından silahlar alması qalib Azərbaycanın qarşısını kəsə bilməz: ZƏNGƏZUR DƏHLİZİ YA AÇILACAQ, YA DA AÇILACAQDIR.

Azərbaycan Respublikası “Əsrin müqaviləsi”ndən Zəngəzur dəhlizinə qədər ciddi sınaqlardan keçmiş uzun bir yol qət edib. Bu müddətdə ölkəmiz müxtəlif istiqamətlərdə dinamik inkişaf edib. Ən əsası isə, Azərbaycan özünün suveren hüququ olan ərazilərinin təhlükəsizliyini təmin etmək, ərazi toxunulmazlığı hüququndan yararlanmaq istiqamətində də uğurlar əldə edərək, 30 ilə yaxın işğal altında olan torpaqlarını işğaldan azad edib. Təbii ki, bütün bunların əsasında ümummilli lider Heydər Əliyevin strateji yanaşması əsasında formalaşan iqtisadi güc, düşünülmüş, uzaqgörən siyasət dayanır. Məhz, bunun nəticəsində Azərbaycan Respublikası regionun aparıcı dövlətinə və Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit mərkəzinə çevrilib. Eyni zamanda, dünyada və regionda baş verən geosiyasi hadisələr Azərbaycanın əhəmiyyətini daha da artıraraq, ölkəmizi Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətə, dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin marşrutunda əlverişli istiqamətə çevirmişdir. Hazırda ölkəmizdə uzun illər öncədən həyata keçirilməyə başlanılan infrastruktur quruculuğu işləri, Ələt terminalı və s. amillər Azərbaycanın iştirakı ilə yük daşınmalarını daha cəlbedici edir.

Sonda dövlət başçısı İlham Əliyevin yerli telekanallara müasahibəsi zamanı səsləndirdiyi “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər” fikirləri xatırlatmaq yerinə düşərdi. 

Cross Media Təhlil Mərkəzi

06:30 08.01.2025

Oxunuş sayı: 15665

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR